Əbülfəs Qarayev: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki…”

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Etikxeber.az-a bildirilib ki, görüşdən əvvəl nazir Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Biləsuvar rayonundan qəbula yazılan vətəndaşlar müasir informasiya texnologiyalarından istifadə ilə bağlı kitabxana işçiləri üçün təlimlərin keçirilməsi, tarix-diyarşünaslıq muzeyinə muzey əşyalarının alınması, uşaq incəsənət məktəbinə əyani vəsaitlərin verilməsi və qeyri-hökumət təşkilatları ilə birgə layihələrin keçirilməsi məqsədilə treninqlərin təşkilinə kömək göstərilməsini xahiş ediblər.

Beyləqan sakinləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş “Mücirəddin Beyləqani dünyası” kitabının əlavə tirajla çap edilməsi, rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının fəaliyyətinin gücləndirilməsi üçün mütəxəssislərin ezam olunması, məcburi köçkünlərin məskunlaşdığı klub müəssisələrinin təmirinə yardım edilməsi barədə müraciət ediblər.

Neftçala rayonundan qəbula gələnlərin müraciətləri yerli sənətkarların əl işlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi, Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərinin region məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi barədə olub.

Salyan sakinləri tərəfindən rayon kitabxanalarına multikulturalizmə aid ədəbiyyatın verilməsi, aşıq Pənah Pənahovun ev-muzeyinin yaradılması, “Cəngi” xalq kollektivinin yeni xoreoqrafiya quruluşuna kömək göstərilməsi, 2012-ci ildə arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəni ərazisində açıq havada muzeyin yaradılması, rayonda müalicə turizm zonasının təşkilinə dair müraciətlər səslənib.

Cəbrayıl rayonundan vətəndaşların xahişi rayon tarix-diyarşünaslıq muzeyinin fondundakı xalçaların sərgisinin təşkili, Böyük Mərcanlı uşaq incəsənət məktəbinə zəruri musiqi ədəbiyyatının verilməsi olub.

Xocavənd rayonundan qəbula yazılanlar rayon ərazisindəki Nərgiztəpə arxeoloji abidəsinin mühafizəsinə kömək göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nəzərə çatdırıblar.

Qəbula gəlmiş bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan Ə.Qarayev mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu deyib: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir”.

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını təqdir edib. Bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Sentyabrın 1-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam turizm sənayesinin yaxın gələcəkdə inkişaf istiqamətlərini müəyyən edən proqram sənəddir. Hazırda ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də böyük turizm potensialı var. Bu zonada da turizmin inkişafı üçün atılan addımlar davam etdiriləcək”.

Etikxeber.az

Read Previous

Zakir Qaralovun sədrliyi və tabe prokurorların iştirakı ilə müşavirə keçirildi

Read Next

Azərbaycan şahmatçıları dünya çempionatında çıxışlarını qələbələrlə başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir