“Ədalət!” – DEPUTATDAN TƏLƏB

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: daha konkret və geniş öhdəliyə doğru” adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.

Etikxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə PaşayevaXocalı soyqırımından danışaraq deyib ki, bu qətnamə layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır:

“Mənim və mənim kimi minlərlə azərbaycanlının ailə üzvləri, qohumları, bəzilərinin dostları torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı qətlə yetiriliblər. Biz insanlıq əleyhinə cinayət və müharibə cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini ən çox dəstəkləyən ölkə və xalqlardan biriyik”.

Millət vəkili bildirib ki, AŞPA bir çox qərarlar qəbul edir, ancaq yenə də soyqırımların, insanlıq əleyhinə cinayətlərin və müharibələrin şahidi oluruq:

“Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməməlidir, qəbul etdiyi qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir. Yalnız bununla bir çox cinayətlərin qarşısını zamanında almaq və ya bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini təmin etmək mümkün ola bilər. Əvvəlki müzakirələr zamanı yenə qeyd olundu ki, AŞPA prinsiplərinə görə təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğal altında saxlaya bilməz. Bunu edən ölkəyə qarşı ciddi tədbirlər görülməlidir. Halbuki, 20 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addım atılmır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox soydaşımızı qətlə yetirib, Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədib, on minlərlə insan bədən üzvlərini, sağlamlığını itirib. Hazırda bir milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və öz evinə dönə bilmir. Bu dəhşətləri törədən, BMT-nin və AŞPA-nın qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistana qarşı isə heç bir ciddi tədbir görülmür”.

Onun sözlərinə görə, Ermənistan bir gecədə Xocalıda əksəriyyəti qadın, uşaq, yaşlı olmaqla 613 nəfərə qarşı dəhşətli soyqırımı həyata keçirib, yüzlərlə azərbaycanlı əsir, girov götürülüb, işgəncəyə məruz qalıb, minlərlə insan sağlamlığını, ailə üzvlərini, evini itirib:

“Bu gün Xocalılılar da daxil olmaqla bir milyondan çox azərbaycanlı sizi ədaləti müdafiə etməyə, insanlıq əleyhinə bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsinə dəstək olmağa çağırır. Bu soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Həmin cinayəti törədənlərin bir hissəsi Ermənistanda yüksək vəzifələr tutur, onların hamısı dövlət səviyyəsində müdafiə edilir.

Xocalı sakini, erməni əsirliyində olmuş və yaşadığı dəhşətləri “Səkkiz gün erməni zindanında” adlı kitabında əks etdirən Dürdanə Ağayeva ilə söhbətim zamanı dedi: “Mən, eləcə də bütün xocalılılar sadəcə bir şey istəyirik: Ədalət! Xocalı soyqırımını, bizə qarşı bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsini və öz evimizə qayıtmağı istəyirik”.

Q. Paşayeva qeyd edib ki, görüşdüyü bütün Xocalılıların beynəlxalq təşkilatlardan istəyi sadəcə ədalətin müdafiəsidir. Əslində bu, torpaqları, evləri işğal altında olan milyonlarla insanın AŞPA-ya çağırışıdır.

“Ədaləti ciddi müdafiə edin! Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir. Ədalətin bərpası bundan keçir. Ümid edirəm ki, bu gün qəbul olunacaq sənəd insanlıq əleyhinə cinayətlərə qarşı mübarizə imkanı yaradacaq və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyik”-deyə, millət vəkili bildirib.

Etikxeber.az

Read Previous

“Qondarma “DQR”-in müstəqilliyini tanımamışıq”- Maykl Hənkok

Read Next

Atəşkəs rejimi 28 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir