Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Goranboylu Cahangir Qurbanov və Salyanlı Kamil Şirinovun Anım günləridir.
Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından 3 il keçir.
Etikxeber.az xəbər verir ki, Cahangir Qurbanov 1994-cü ilin sentyabrın 23-də Goranboy rayonunun Borsunlu kəndində-sadə bir ailədə anadan olub.
Ailənin 3 oğlan övladından biri idi.
O, 2000-ci ildə T.Əliquluoğlu adına Borsunlu kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2011-ci ildə həmin məktəbi bitirib.
2012-ci ildə müddətli hərbi xidmətə yollanan Cahangir Gədəbəy rayonunun “N” saylı hərbi hissəsində xidmət edib.
Əsgərliyini başa vurduqdan bir müddət sonra Cahangir yenidən həyatını hərb, Ordu ilə bağlayıb.
2016-ci ildən Azərbaycan Ordusunda MAXE-kəşfiyyatçı kimi xidmət etməyə başlayıb.
Və 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Vətən Müharibəsinə qatılıb.
Talış istiqamətində, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib.
Talış döyüşləri zamanı düşmənin iki postunun, eyni zamanda, 482-ci yüksəkliyin azad edilməsində böyük xidmətləri olub.
O, elə müharibənin ilk günündə, sentyabrın 27-də qəhrəmancasına Şəhid olub.
Bu yerdə qeyd edək ki, Şəhidliyindən cəmi 4 gün isə 26 yaşı tamam olubmuş…
Ancaq nəşi iki gün sonra, sentyabrın 29-da Borsunlu kənd qəbiristanlığında dəfn olunub.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Ata babasının adını daşıyan Cahangir Qurbanov həm də evin-ailənin son beşiyi və subay oğlu olub.

***
Əfsanəvi Xüsusi Təyinatlılardan, “Əfsanəvi tabor”un Şəhidlərindən olan Kamil Əliş oğlu Şirinov isə 9 aprel 1991-ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində, hərbçi ailəsində dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri idi.
Atası Əliş kişi də peşəkar hərbçi olub.
Ona görə hər iki qardaş atalarının yolu ilə getmək, hərbçi olmaq qərarını verib, hər ikisi də həyatlarını Ordu, hərb ilə bağlayıblar.
1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub, 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib.
Kamil həm də idmana böyük həvəs həvəs göstərib, futbolla məşul olub.

Həmçinin, erməni, rus və ingilis dillərində mükəmməl şəkildə danışıb.
2016-cı ilin tarixi Aprel döyüşlərində vuruşub və fərqlənib.
Eyni zamanda, qardaş Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib, sonuncu dəfə isə Pakistanda 3 aylıq anti-terror təlimlərində olub.
İkinci Vətən Müharibəsi zamanı da ilk dəqiqələrdən döyüşlərə atılıb, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Şərəfli döyüş yolu isə 3 gün çəkib və və sentyabr ayının 29-da Füzuli istiqamətində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Çuxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı, Şəhidliyindən sonra isə ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif edilib.
Hazırda Salyanda adını daşıyan küçə, eyni zamanda, Salyan rayonu və Azərbaycanın digər rayonlarında yerləşən bir neçə məktəbdə adına verilən sinif otaqları var.
Kamil həm də ailəli olub, ali təhsilli Zəhra adlı xanımla ailə həyatı qurub.
İki oğlan övladı-4 yaşlı Türkayı və 3 yaşlı Tunarı ailəsinə, Vətəninə əmanət qalıb.
Sonuncu övladı-Tunarı Şəhidliyindən cəmi 4 ay əvvəl dünyaya gəlib.
Hər iki Şəhidimizin məkanları cənnətlik, ruhları şad olsun!
Ruhları qarşısında baş əyirik!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





