Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, əfsanəvi Xüsusi Təyinatlılardan və Qəhrəmanlar ailəsindən olan Kərim Məhəmmədəli oğlu Əliyevin bu gün Anım Günüdür.
“Əfsanəvi tabor”un Şəhidlərindən olan Kərim Əliyevin bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.
Anım Günü ilə bağlı bu gün Şəhidin Alpout kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Məzarı başında çıxışlar edilib.
Çıxışlarda 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Şəhidin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından, gələcək nəsillərə örnək olacaq həyat, hərb və döyüş yolundan söz açılıb.
Eyni zamanda, Şəhidin Qəhrəman ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, “Quran” oxunub, bir daha Şəhidin ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, keçmiş Xüsusi Təyinatlılar, hərbçilər, Ucar və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Ucar rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az-ın xəbərinə görə, Kərim Əliyev 1998-ci ilin 31 avqust tarixində Ucarın Alpout kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib.
Hərbi xidmətini başa vurduqdan bir müddət sonra isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü, Kiçik gizir kimi İkinci Vətən Müharibəsi zamanı Füzulidən Cəbrayıla, Cəbrayıldan Hadruta, Xocavəndə, Xocavənddən Qubadlıyacan uzun və şərəfli döyüş yolu keçib.
Döyüşlər zamanı 4 dəfə yaralanıb, amma inadından dönməyib, yenə döyüşlərə atılıb və oktyabr ayının 19-da Xocavənd-Qubadlı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Ancaq 4 gün nəşini götürmək mümkün olmayıb.
Yalnız ayın 23-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, oktyabrın 24-də isə Alpout kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Şəhidin qardaşı Rüstəm Əliyev də hərbçi-MAXE kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
“Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Qardaşının Şəhidliyi ilə əlaqədar Ordudan, MAXE-likdən təxris olunub.
Həm də ataları Məhəmmədəli kişi keçmiş döyüşçülərdən olub.
1992-94-cü illərdə Birinci Qarabağ Savaşının iştirakçılarından biri olub.
Kərim həm də subay idi.
Ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
























17:30
***















18:59
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





