Əfsanəvi Xüsusi Təyinatlılar, “Əfsanəvi tabor”un Şəhidləri, yeznə-qayın Şəhidlər-AĞSULU İLKİN ZÜLFÜQAROV VƏ ŞAMAXILI NAİQ ƏLƏKBƏROV – BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, İLKİN ZÜLFÜQAROVUN 35, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN NAİQ ƏLƏKBƏROVUN İSƏ 30 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Ağsu rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı İlkin Nurəddin oğlu Zülfüqarovun doğum günüdür.

İlkin Zülfüqarovun bu gün 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Ağsu rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Sonra tanınmış telejurnalist, hər zaman Şəhid ailələrinin yanında olan Səbinə Mehdiyevanın aparıcılığı ilə Ağsu rayon Şəhidlər Xiyabanında İlkin Zülfüqarovun Cənnətdəki dördüncü doğum gününə həsr olunmuş və bir saatdan çox davam edən tədbir düzənlənib.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxışlar edilib, Şəhidin 31 illik qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yolundan danışılıb, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Şəhidin anası Yaqut xanımın dediklərindən:

“İlkinim də daxil olmaqla, cəmi Şəhid balalarımıza borcluyam…Məni bağışla oğlum, mənim bağışlayın, Şəhid balalarım…”.

Tədbirdə çox kövrək, duyğulu, təsirli anlar yaşanıb, xüsusilə, məktəblilərin və Səbinə Mehdiyevanın Şəhid İlkinə, Şəhidlərimizə, Vətənə həsr olunmuş şeirləri səsləndirməsi tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Tədbir zamanı həmçinin, “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin ailəsinə, valideynlərinə “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu adıçəkilən qrupun tanınmış üzvü, hər zaman Şəhid ailələrinin yanında olan Azər Hüseynov təqdim edib.

Şəhidin məzarını ziyarətdən və Şəhidlər Xiyabanındakı tədbirdən sonra Cənnətdəki dördüncü doğum günü ilə bağlı Gursulu kəndində-ata ocağında məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub, bir daha “Quran” oxunub, bir daha çıxışlar edilib.

Ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Ağsu, Bakı, Sumqayıt, Şamaxı, Ucar, Lerik, Qobustan, Goranboy, Neftçala, Salyan, İsmayıllı və digər bölgələrdən olan Şəhid ailələri, “Əsfanəvi tabor”un Şəhidlərinin ailə üzvləri, Qazilər, hərbçilər, Əfsanəvi Xüsusi Təyinatlılar, Ağsu rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri, ziyalılar, media mənsubları iştirak ediblər.

Etikxeber.az ki, İlkin Zülfüqarov 1989-cu ilin avqust ayının 8-də Ağsu rayonunun Gursulu kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

1995-2006-cı illərdə Gursulu və Padar kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb və sonra həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunun, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) peşəkar hərbçilərindən olub, Kiçik gizir hərbi rütbəsini daşıyıb.

Bir peşəkar hərbçi, Əfsanəvi Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsi zamanı döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Axırıncı dəfə ailəsi ilə oktyabrın 1-də danışıb.

Və cəmi günlər sonra qanlı döyüşlərdən birində-Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 19 oktyabrda ailəsinə təhvil verilib və bir gün sonra-20 oktyabr tarixində Ağsu rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən əvvəl, həm də Şəhidliyindən sonra medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

***

VƏ ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN NAİQ ƏLƏKBƏROV…

Qeyd edək ki, İlkinin tək bacısının-Əfsanə Ələkbərovanın həyat yoldaşı, Əfsanəvi Xüsusi Təyinatlı Naiq Faiq oğlu Ələkbərov da İkinci Vətən Müharibəsi Şəhididir.

İlkinin ailəsi-Zülfqüqarovlar ailəsi İkinci Vətən Müharibəsi zamanı iki itki, iki faciə-oğul və kürəkən itkisi yaşayıblar.

Həm tək, nişanlı oğullarını, həm də tək qızlarının həyat yoldaşını-kürəkənlərini itirib, Vətən yolunda Şəhid veriblər.

Bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli Naiq Ələkbərovun isə üç övladı-iki qızı və bir oğlu Vətənə əmanət qalıb.

Eyni zamanda qeyd edək ki, Şamaxı rayonunun Bağırlı kəndindən olan Naiq Ələkbərovun da bu gün doğum günüdür.

1994-cü ilin 8 avqust tarixində dünyaya gələn Naiq Ələkbərovun bu gün 30 yaşı tamam olur.

Naiq Ələkbərovun Cənnətdəki dördüncü doğum günü məclisi isə sabah, 9 avqust tarixində-Şamaxı rayonunun Bağırlı kəndində keçiriləcək.

Hər ikisinin də məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nurlar içində yatsınlar!

19:00

***

FOTOLAR:

19:25

***

19:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Astanada “Вечер дружбы” adlı-QALA KONSERTİNDƏ – FOTOLAR – YENİLƏNİB

Read Next

Tək övlad, anası tərəfindən təkbaşına böyüdülən-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SAMİR ƏLİYEVİN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 25 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir