“Əfv Komissiyası yaxın vaxtlarda tam tərkibdə toplaşacaq və…”-ZAHİD ORUC – FAZİL MUSTAFA, NAQİF HƏMZƏYEV VƏ HİKMƏT BABAOĞLU NƏLƏRİ TƏKLİF ETDİLƏR? – YENİLƏNİB

Avropa İnsan Haqlarına Azərbaycanın müraciəti fonunda qarşı tərəfin də müraciətləri olub. Biz bu istiqamətdə işləri genişləndirməliyik.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, beynəlxalq təşkilatlarla əlaqələrin və münasibətlərin genişləndirilməsinə ehtiyac var:

“Əfv Komissiyası yaxın vaxtlarda tam tərkibdə toplaşacaq. Bu istiqamətdə bir sıra çağırışlar, istəklər var. Amnistiya ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə dair təklif artıq daxil olub. Digər tərəfdən, diaspor haqqında qanun da hazırdır. Diffamasiya ilə bağlı 4 ildən artıq dövrdə müzakirələr aparılır. Prezident tərəfindən bir neçə gün əvvəl Medianın İnkişafı Agentliyi yaradılıb. Bu istiqamətdə də problemlər olduğu bizə bəllidir”.

Diffamasiya məsələsinə toxunan Z. Oruc 4 illik sənədlər toplusunu Birinci vitse-spiker Əli Hüseynlidən götürdüyünü, nifrət nitqi ilə bağlı da beynəlxalq təcrübəni tam öyrəndiklərini deyib:

“Artıq bunu qanun layihəsinə çevirməliyik. Nifrət nitqi fenomenindən ən çox əziyyət çəkən ölkələrdən biriyik. Nifrət dilini sosial şəbəkələrdə fenomenləşdirməyə çalışan insanlar var”.

Komitə sədri qeyd edib ki, Azərbaycan müəyyən qədər konfliktli olan beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayıb:

“Əlaqələrin yeni səhifəsi baxımından bunu davam etdirmək lazımdır. Həm “Amnesty İnternational”, həm də digər təşkilatlarla əməkdaşlıq genişləndirilməlidir. Onların Qarabağ məsələsi ilə bağlı hesabatları beynəlxalq aləmdə bizim haqlı olduğumuzu daha da sübut edir”.

Eyni zamanda “Türkiyə siyasi palitra cəhətdən olduqca müxtəlif ölkədir, ancaq Azərbaycan məsələsində Türkiyənin bütün partiyaları həmrəylik nümayiş etdirdi”-deyən komitə sədri bildirib ki, onlar sağlkamlıqları bahasına Qarabağ məsələsində bizim yanımızda oldular, erməni təxribatı törədilən ərazilərə səfərlər etdilər:

“Türkiyə Parlamentinin İnsan hüquqları komissiyasının apardığı təhlillər, müşahidələr yüksək qiymətləndirilməlidir. Onlar erməni təxribatının ağır nəticələrini beynəlxalq aləmə çatdırmaqda israrlıdırlar”.

***

“Əhalinin sosial problemləri içərisində bəzən insan haqları ilə bağlı məsələlər qarşımıza çıxır”.

Bunu iclasda deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu problem pandemiya dövründə 190 manat ala bilməyən insanlarla bağlı da özünü göstərib:

“İnsan haqları sahəsində əfvlə bağlı ölkə prezidenti tərəfindən müəyyən addımlar atıldı, bəzi şəxslər əfv edildi. Lakin bu addımdan sonra da təəssüflər olsun ki, siyasi məhbus terminləri ilə spekulyasiya davam etdi”.

Deputat Hikmət Babaoğlu qeyd edib ki, parlamentin İnsan hüquqları komitəsi iki qanunvericilik təşəbbüsü ilə çıxış edib və bu qanunlar qəbul edilib:

“Nəhayət, bu il bizim məcburi köçkünlərimizin təməl hüquqları bərpa olundu. Müharibə dövründə erməni cinayətlərinin qlobal informasiya məkanına çatdırılması üçün komitə olaraq ciddi fəaliyyət göstərdik, xarici televiziyalara çoxsaylı müsahibələr verdik”.

Deputat Naqif Həmzəyev təklif edib ki, Ombudsman təsisatı ilə görüşlərin sayı artırılsın:

“Bunun üçün ildə bir dəfə hesabat verilməsini gözləməməliyik. 20 ildən artıq məhkumluq dönəmini başa vurmuş, müsbət istiqamətə dəyişmiş məhbuslara müəyyən güzəştlər edilə bilər. Biz bu gün qalib ölkənin vətəndaşıyıq. Məhbusların da içərisində Qarabağa qayıdışa öz töhfəsini verəcək insanlar var, onlara bu şansı verməliyik. Həmçinin, yaşı 60-ı keçmiş, müəyyən xəstəliyi olan məhbuslarla bağlı bəzi güzəştlər edilə bilər”.

Komitə sədri də öz növbəsində deputatların fikirlərinə münasibət bildirib:

“Açıq demək lazımdır ki, elektron sistemlərə daşınma Milli Məclisin fəaliyyətində çox rol oynadı. İndiyə qədər Milli Məclis üzvləri heç vaxt bu qədər çox elektron sənəd dövriyyəsi etməmişdi. İkincisi, sosial problemlərlə bağlı müraciətlər alırıq. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüşlərimizi artırmalıyıq”.

O, nəzərə çatdırıb ki, əfv komissiyası yenidən formalaşıb:

“Bu istiqamətdə yeniliklər var. Əfv institutunun fəaliyyətini genişləndirilməsi ilə bağlı işlərə hələ də ehtiyac var”.

Etikxeber.az

Read Previous

Millət vəkili Şəhidlərdən-Babək Mahmudlu və Elşad Baloğlanlıdan – YAZDI

Read Next

“Hər il türk dünyasının mədəni paytaxtını elan edirik: 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik…”-TDƏŞ-İN BAŞ KATİBİ İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜNDƏ BU TƏKLİFLƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir