Deputatlar yerlərdə mədəniyyət obyektlərinin sayının artırılmasını vacib sayır…

Mədəni inkişafı artıq yerlərə də yönəltməliyik. Bakıda, Gəncədə, digər böyük şəhərlərdə kifayət qədər mədəniyyət obyektləri var. Gənclər evləri, teatrlar, muzeylər var, amma kəndlərdə, qəsəbələrdə mədəniyyət obyektləri olmadığından və ya az olduğundan cavanlarımız çayxanalara üz tuturlar.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin iclasında millət vəkili, Xalq yazıçısı Elmira Axundova deyib.

“Bir müddət əvvəl Mədəniyyət Nazirliyi belə bir pilot layihə işləmişdi ki, hər bir kənddə köhnə mədəniyyət evlərinin əsasında müasir tipli mədəniyyət evləri qurulsun. Məsələn, iki mərtəbəli Mədəniyyət evi və ya Gənclər evi olsun, onların birinci mərtəbəsində də idman zalı, ikinci mərtəbəsində balaca kitabxana, yanında internet klub, yanında kino-zal olsun. Kim istəyər də kitablara üz tutar, kim də istəyər internetdə vaxt keçirər, kim də istəyər kino-zalda özü ilə gətirdiyi diskə böyük ekranda baxar. Aşağıda da xudmani, balaca idman zalı” – deyən millət vəkilinin sözlərinə görə, məhz bu zaman cavanlar  həmin Mədəniyyət və ya Gənclər evinə üz tutar, axın edərdi.

“Yəni, belə bir gözəl layihə işlənmişdi. Hətta mənə də deyilmişdi ki, hansısa kənddə belə bir mədəniyyət evi varsa, onu seçin, təqdim edin. Mən də Qızılağac kəndində belə bir obyekti tapıb, sevincək onun adını vermişdim, ərizə də yazmışdım və  deyilmişdi ki, o, siyahıya salınıb. Kənd camaatı da buna çox sevinmişdi. Amma üstündən 5-6 il keçdi, bu layihə yerindən tərpənmədi. Bəlkə hansısa rayonda, kənddə bu layihə həyata keçirildi, amma bizdə alınmadı.

Artıq bizim sosial sahədə işlərimiz çox gözəl gedir, məktəblərin əksəriyyəti tikilib, yeniləndirilib, müasirləşdirilib. Ona görə indi mədəniyyət obyektlərinin tikintisinə daha çox diqqət ayırmaq lazımdır. Çünki dəfələrlə demişəm ki, mədəniyyət təkcə Bakı ilə bitmir və Bakıda da başlanmır. Mədəniyyət həmişə ucqar rayonlardan, kəndlərdən başlayıb, neçə-neçə  böyük şairlərimiz, yazıçılarımız, alimlərimiz çıxıb ucqar bölgələrdən. Ona görə hesab edirəm ki, yerlərdə, kəndlərdə mədəni obyektlərinin, mədəniyyət obyektlərinin tikintisinə daha böyük önəm vermək lazımdır. Bunlar gənclərimizin, cavanlarımızın asudə vaxtlarının səmərəli keçirilməsinə də böyük töhfə verər” – deyə, E. Axundova sözlərinə əlavə edib.

elmira-2

RAFAEL1481964703

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da millət vəkilinin fikirləri ilə razılaşıb, xatırladıb ki, ölkə prezidentinin siyasətinin əsasında dayanan məqamlardan, əsas prioritetlərdən biri də inkişafın təkcə paytaxtdan deyil, həmçinin, bölgələrdən başlanması məsələdir:

“Cənab prezident də hər zaman inkişafın təkcə Bakıdan deyil, həm də yerlərdən başlanılmasını vacib hesab edir. Bu istiqamətdə də görülən işlər, atılan addımlar hamımızın gözü qarşısındadır.Ötən illər ərzində bu sahədə böyük uğurlara nail olunub.

Amma hesab edirəm ki, yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanlar bu gün onların “əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir.

Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz. Bu baxımdan, yerlərdə mədəniyyət obyektlərinin tikintisinə, olanların bərpasına, müasirləşdirilməsinə diqqət daha da artırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bütün bunlar çox yüksək göstəricilərdir…” – SONA ƏLİYEVA

Read Next

UEFA Çempionlar Liqasının qrup mərhələsi – NƏTİCƏLƏR – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir