Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Etikxeber.az-ın məlumatına görə, layihə barədə Milli Məclisin (MM) sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan layihədə Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır. Sənəd Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir. Layihədə göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər. Sənəddə o da qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələr yaradıla bilər.Qanun layihəsinin 1.0.3 maddəsində bildirilir ki, “Azərbaycan Respublikasının başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.
Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycanın indiki şəraitində Silahlı Qüvvələrin statusu bilinməlidir:
“Ona görə də bu qanunun qəbulu əhəmiyyətlidir. Silahlı Qüvvələrin tərkibinə hansı hərbi birləşmələrin daxil edildiyi bilinməlidir. Çünki başqa qurumların da tərkibində olan hərbi birləşmələr var. Hesab edirəm ki, onlar da Silahlı Qüvvələrin tərkibinə daxil edilməlidir”
MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan həssas dövrdə yaşayır, torpaqlarının 20 faizi işğal altındadır:
“Ona görə də Silahlı Qüvvələr haqqında qanun tezliklə qəbul edilməlidir. Silahlı Qüvvələrə bilavasitə nəzarət ali baş komandana aiddir və dünya praktikasında, aparıcı dövlətlərdə, məsələn ABŞ-da da belədir. Türkiyədə gördük ki, ordu parlamentin nəzarətində olanda, Süleyman Dəmirəlin dövründə 8 dəfə dövlət çevrilişinə cəhd etdi. Ordu cəmiyyətdən kənarda deyil, onun bir hissəsidir, lakin cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Bu qanunda da öz əksini tapmalıdır. Əgər ictimai nəzarət ordunu dedi-qodu yuvasına çevirirsə, bu ictimai nəzarət faydasızdır. Hesab edirəm ki, Azərbaycan ordusunda həm təchizat, həm də fiziki və mənəvi hazırlıq baxımından vəziyyət yüksək səviyyədədir”.
Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az