“Əgər seçicilərim məsləhət görsə…” – BİTƏRƏF DEPUTAT 4-CÜ DƏFƏ ŞANSINI SINAYACAQMI?

Rüfət Quliyev: “O insan, hansı ki, bu “qara PR”-ın müəllifidir, icraçısıdır, əməllərinin dövlətə, cəmiyyətə, islahatlara gətirdiyi xələli başa düşmürlər, onlar başa düşməlidir: arzuları, istəkləri qaradır və puç oldu!”

Məlum olduğu kimi,bəzi xəbər saytlarında və sosial şəbəkələrdə AzNews.az-a istinadən Milli Məclisin üzvü Rüfət Quliyevin adından açıqlama yayıldı.

Etikxeber.az-ın xəbərinə görə, halbuki bu günlərdə adıçəkilən  sayt R.Quliyevlə  heç bir təmas saxlamamış, ondan elə bir açıqlama almamışdı.

Bəs, necə oldu ki, AzNews.az saytının yazmadığı, yaymadığı “xəbər” birdən-birə müəyyən internet resurslarında və “youtube” kanallarında tirajlanmağa başladı?

Sonradan məlum oldu ki, söhbət 2016-cı ildə deputat Rüfət Quliyevin verdiyi, indiki gündəmlə qətiyyən ötüşməyən bir açıqlamadan gedir.

Belə ki, bəziləri  2016-cı ildə başqa səpkidə verilmiş bir açıqlamanı konteksdən çıxararaq deputata qarşı “qara PR” aparırlar.

Odur ki, sözügedən sayt R. Quliyevlə görüşüb məlum olaya onun da münasibətini öyrənmək istəyib.

Etikxeber.az AzNews.az-a istinadən R. Quliyevin fikirlərini (müsahibəsini) olduğu kimi təqdim edir:

– Öncə onu deyim ki, bu, heç eyni açıqlama da deyil. Mən o vaxtı verdiyim açıqlama, dediyim sözlər tamamiylə başqa məna, başqa məzmun daşıyırdı. Həmin açıqlama 2016-ci ildə qaz və elektrik enerjisinin qiymətlərinin qalxması ilə əlaqədar idi. İndi isə məsələni başqa cür təqdim etmək istəyirlər.

– Kim təqdim etmək istəyir?

– Həmin “xəbər”i böhtan formasında yazan adamın adını, təbii ki, çəkməyəcəm. Ancaq onu tanıyıram, kimliyini bilirəm. Belə başa düşürəm ki, həmin adam səhv hərəkət edir, əbəs səy göstərir, özünü xərcə salır. Gərək ki, həmin adam anlasın ki, bu, düz addım deyil. Onun son “zəhmət”i də hədər getdi. O vaxtkı ilə bu günkü “açıqlama” arasında yerlə-göy qədər fərq var. İndi ölkədə başqa məsələlər, başqa ideyalar müzakirə olunur. Ümumiyyətlə, mən “kasıb” sözünü heç vaxt işlətmirəm. Bəli, müəyyən qrup insanlar var ki, maddi imkanları azdır, aşağıdır. Bu barədə danışmaq lazım gələndə, çalışıram ki, yumşaq, heç kimin xatirinə dəyməyəcək ifadələrdən istifadə edim. Başqa sözlə, mənim leksikonumda elə söz yoxdur. Mən adımdan yayılan açqılamanının guya sonunda dediyim sözləri heç vaxt işlətməmişəm. Əfsuslar olsun ki, sizin saytın adından, nüfuzundan istifadə ediblər bu məsələdə. Siz isə sağ olun ki, Baş redaktor olaraq bunu dərhal araşdırdınız, müvafiq açıqlama verdiniz, işin əslini müəyyən etdiniz. Amma əyri formada olan “yazı”nı bəzi saytlar tirajladı. Gərək, onlar da bir balaca araşdırma aparaydılar.

– Biz AzNews.az olaraq dərhal bəyan etdik ki, əməkdaşlarımızdan heç kim deputat Rüfət Quliyevə müraciət etməyib. Doğrudan da, axı biz ilk dəfə sizinlə söhbət edirik. Bu bir uydurma, “feyk” xəbər idi və biz redaksiya olaraq adımızın bu cür işlərdə hallanmasını təbii ki, etirazla qarşılamalı idik…

– Bəli, uydurma, “feyk” xəbərdir. Bunun da müəllifi var, arxasında duran adam var. Həmin adamın ürəyindən bəzi arzular keçir, onlar da puç olacaq. Bunu da bəri başdan deyim ki, həmin adam xəcalət çəkəcək, əgər xəcalət çəkmək duyğusunu tam itirməyibsə…

– Rüfət müəllim, yenidən bu məsələnin qabardılması sadəcə Sizə, AzNews.az saytına yox, sanki hakimiyyətə də bir psixoloji həmlə cəhdidir. Çünki ölkədə islahat gedir, qarşıdan parlament seçkisi gəlir və buna paralel olaraq, kommunal xərclərin artması da gözlənilmir. Belə bir ərəfədə 3 il öncə gündəmdə olmuş bir məsələ barədə danışmaq yuxarıda qeyd etdiyim nəticəni vermirmi?

– Qeyd edim ki, dediyim insan mənimlə bağlı şəxsi qərəzini hakimiyyətə ictimai rəy qarşısında xırda da olsa, problem yaratmaq səviyyəsinə gətirməyə səy göstərib. Bunun bariz nümunəsi ondan ibarətdir ki, artıq bu xəbərə istinadən “Kanal 13” adlı internet kanalında məlumat verilir ki, guya mən bu günlərdə mətbuatda çıxış eləmişəm və bildirmişəm ki, kommunal xərclər qalxacaq. Yalan, yalan üstünə! Axı mən nə belə bir çıxış eləmişəm, nə də siz belə bir xəbər yaymısınız?!. Mənim bu yöndə heç bir məlumatım yoxdur. Heç Milli Məclisdə də belə söhbət getməyib. Onlar 12-13 il öncə Milli Məclisdə kreditlərlə bağlı etdiyim bir çıxışı da “təzə xəbər” kimi gündəmə gətirirlər. Ataların bir məsəli var: “Daldan atılan daş topuğa dəyər”. Bu daş mənə qarşı atılmışdı. Əfsuslar olsun ki, hakimiyyəti, dövlətçiliyimizi istəməyən insanlar belə “taktika”dan istifadə edirlər. O insan, hansı ki, bu “qara PR”-ın müəllifidir, icraçısıdır, əməllərinin dövlətə, cəmiyyətə, islahatlara gətirdiyi xələli başa düşmürlər, onlar başa düşməlidir: arzuları, istəkləri qaradır və puç oldu!

– Rüfət müəllim, bəlkə bu cəhdlər ondan irəli gəlir ki, Sizin yenidən parlament seçkilərində namizədliyinizi irəli sürəcəyinizi düşünənlər var. Bəlkə potensial rəqiblərinizin işidir bu?

Çox güman ki, bu yanaşma da var. Amma onu qeyd etmək istəyirəm ki, seçkilərdə iştirak edib-etməmək tək mənim qərarım olmayacaq. Belə bir qərarı 99% seçiçilər verməlidir. Əgər seçicilərim məsləhət görsə, onda ola bilər, iştirak edərəm. Mənim Lənkəranda kifayət qədər qohum-əqrabam, tanışlarım, yaxınlarım, doğmalarım var. Təkcə mənim öz kəndimdə 10 min əhali yaşayır.

Deputat sonları bunları deyib:

“Belə düşünürəm ki, əgər onların etimadını mən qazanmışamsa, bir deputat kimi vəzifəmi icra etmişəmsə, onda məsləhət görülərsə, o zaman yenidən kampaniyada iştirak edərəm. “Məsləhətli don gen olar”- bu, ataların sözüdür. Əlavə edim ki, mən elm adamıyam, elmlər doktoru, professoram, kafedra müdiriyəm. Elmi fəaliyyətimi heç zaman dayandırmamışam. 14 il deputat olmuşam, amma elmi işimi davam etdirmişəm. 300- dən yuxarı elmi əsərim, kitablarım, monoqrafiyalarım var. Mən bu gün də elmi işlərimi davam etdirirəm, dərs deyirəm. Qısacası, məni tanıyanlar savadıma da, nüfuzuma da bələddirlər. Elə buna görə də, mənim haqqımda yazılan bəd xəbərlərə, “qara piar”a insanlar inanmayacaq”.

Millət vəkilinin sözlərinə görə, əfsuslar olsun ki, bu, birinci dəfə deyil.

“Yadınızdadırsa, mən Lənkəran aeroportu ilə bağlı komitədə çıxış edəndə də fikrim böyük rezonans doğurmuşdu. Hamı bunu başa düşdü ki, mən sözümü hansı formada demişəm. Amma rəyimi təhrif edib, sosial şəbəkədə yaydılar. Ancaq analizlər ortaya qoyulanda məlum oldu ki, dünyada hava limanlarının 45 %-i, dəniz limanlarının isə 65%-i icarəyə verilib. Bu cür rəqəmlər səslənəndən sonra, insanlar anladılar ki, mən, əslində nə demişəm”-deyə, o, əlavə edib.

“Rüfət müəllim, Sizdən bu qısa müsahibəni almağımız spesfik bir şəraitə təsadüf edir, İnşallah, növbəti həftələrdə geniş bir intervyü götürərik. Bu xoşagəlməz olayla bağlı daha nələr demək istərdiniz” sualına cavabında isə millət vəkili bunları bildirib:

“Mən bir çox jurnalistlə dostam. Heç bir jurnalist deyə bilməz ki, Rüfət Quliyevə zəng etmişəm, amma o, mənim telefonumu qaldırmayıb. Ən kəskin suallara da həmişə bir deputat, alim və Azərbaycan vətəndaşı kimi fikrimi bildirirəm. Sadəcə, bu “qara materiallar” yayan adamlar anlamalıdır ki, onları aldadıblar. Baxın, “qara PR” iki cür olur. Bir “qara PR” odur ki, insanın səhvini tutub onu ifşa edəsən, biri də odur ki, şərləyəsən. Şərləmək normal, sivil addım deyil. İstənilən jurnalist mənə zəng edib soruşsaydı ki, belə bir açıqlama olubmu? Deyərdim ki, olmayıb! 3 il öncə tamam başqa formada açıqlama olub. Hamıdan xahiş edirəm bunu nəzərə alsın!”

Qeyd edək ki, R. Quliyev 2005-ci ildən bu yana 3 çağırışdır Milli Məclisin  üzvüdür.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə – YEVDA ABRAMOVDAN YAZDI

Read Next

“Bu, xeyirxah təşəbbüsə olan ictimai dəstək və etimad idi…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir