Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək – BAŞ NAZİRİN MÜAVİNİ

“Azərbaycanın xarici siyasət kursunun mühüm strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eləcə də diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə həllini tapması üçün diplomatik cəhdlərini uğurla davam etdirsə də, Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi problemin həllinə mane olur. İşğalçı ölkə bu gün də bu mövqeyindən əl çəkmir”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistan bu yolla münaqişənin nizamlanması prosesinə əngəl törədir, status-kvonu qorumağa çalışır.

Ə. Əhmədov deyib ki, bu ölkənin rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq, Azərbaycanın işğal olunmuş torpaqları geriyə qaytarılacaq:

“Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək. Buna görə də Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün qədər uzatmaqdır. Güman edirəm ki, bununla Ermənistan özünün beynəlxalq aləmdən təcrid olunmasını daha da dərinləşdirir.

Bütün dünya – həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Problemin bu günə qədər həll olunmaması dünyanın bu yanaşmasının dəyişməsi anlamına gəlmir. Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq.

Digər tərəfdən, hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının, bütövlükdə bizim hökumətimizin və dövlətimizin uğuru sayılmalıdır. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Bu yaxınlarda Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə qəbul edilən “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədində bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün AP-nin öhdəliyi kimi götürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi baxımından da böyük əhəmiyyətə malikdir. Xatırladım ki, bundan əvvəl isə Brüsseldə noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində bu yanaşma nümayiş etdirilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənmişdi”.

Baş nazirin müavininin bildirdiyinə görə, bu gün artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul etmək zorundadırlar ki, münaqişənin həlli, bütövlükdə Cənubi Qafqazda sülh və əmin-amanlığın ciddi şəkildə təmin olunması, ədalətin bərpa olunmasından, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından asılıdır:

“Eyni zamanda, belə bir rəyin formalaşmasında Azərbaycan Ordusunun gücünün, döyüş qabiliyyətinin və bu qabiliyyətin əyani surətdə sübut edilməsinin də müsbət rolu var. Yəni dünya birliyi və bizim düşmənlərimiz aydın şəkildə bilirlər ki, dinc, diplomatik yollarla Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olmasa, Azərbaycan öz gücü, hərbi qüdrəti sayəsində bu tarixi ədalətsizliyi aradan qaldırmaq qüdrətindədir. Mən hesab edirəm ki, Avropa İttifaqı bu həqiqəti nə qədər daha dərindən dərk edərsə, qəbul olunan sənəd də bunun bir sübutudur, münaqişənin həll olunması ilə bağlı düzgün, ədalətli qərarın qəbul olunması da bir o qədər tezləşər”.

Etikxeber.az

Read Previous

“İstedadının bir tərəfi də onun orijinal yumor duyumudur…” – ANAR YAZIR

Read Next

Ən varlı 500 şəxs sərvətlərinə daha 1 trilyon əlavə etdilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir