Əli Hüseynli ilə Səməd Seyidov da müxalifətə – ETİRAZ ETDİ

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür. Ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir. Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifətin, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, bir müddət əvvəl ”Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edilib: “Bu qanunda bir sıra vacib məsələləri, o cümlədən, sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə qanunda bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyanda mövcud olan məhdudiyyətlərdir. Biz onları oradan götürərək bizim milli qanunvericiliyə köçürmüşük”.

Ə. Hüseynli qeyd edib ki, hüquq-mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar: “Təəssüf ki, Avropa İttifaqı qeyri-adekvat mövqe nümayiş etdirib, yəqin ki, bir sıra beynəlxalq təşkilatlar da bundan sonra edəcəklər. Amma Avropa İttifaqına üzv olan ölkələr Fransada, İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbir və təmkinlə, qanun normalarına uyğun olaraq davranış nümayiş etdirib”.

O,  təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb: “Hesab edirəm ki, xarici işlər orqanlarımız xarici ölkələrin burada akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu, yolverilməzdir. Hesab edirəm ki, ictimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir. Azərbaycan hüquqşünasları bu məsələ ilə bağlı bəyanat yayacaq”.

eli_huseynli_esas_55

samad-metbuat kon-foto

“Avropa İttifaqı Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib”.

Bunu isə MM-in beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib: “Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edir. Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”. 

 S. Seyidov bildirib ki, Avropa İttifaqı ölkələrində nümayişçilərə güc tətbiq edilir:

“Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara müraciət göndərməliyik. Biz həm Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir. Avropanın özündə baş verən hadisələr Avropada ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür”.

Etikxeber.az

Read Previous

“Millət vəkili olaraq sevinirəm ki…” – AZƏR BADAMOV

Read Next

Spiker – YAPONİYADADIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir