Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni model tətbiq olunacaq.
Etikxeber.az xəbər verir ki, bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında məlumat verilib.
Qeyd edək ki, komitəninn iclasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov əlilliyin müəyyənləşdirilməsi məsələsində yaranan bəzi texniki problemlərlə bağlı məsələnin həllini təklif edib.
O, qeyd edib ki, bu məsələdə bürokratik deyil, texniki problemlər var:
“Bunun özü də müəyyən qədər narahatlığa, söz-söhbətlərə səbəb olur. Odur ki, bu yöndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə dinləmələrin keçirilməsinə ehtiyac var. Biz bu dinləmələri təşkil edib, bu məsələdə yaranan problemləri aradan qaldırmalıyıq”.
***
Adıçəkilən komitənin sədri Hadi Rəcəbli də məsələyə toxunaraq bildirib ki, bu istiqamətdə gələn ilin yanvarından yeni modelin tətbiqi gözlənilir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi bir yerdə yeni modelin tətbiqini nəzərdə tuturlar. Amma hesab edirəm ki, bizim də həmin modeldən xəbərimiz olmalıdır.Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etsək, yaxşı ola”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az