“Əlim nişanlı idi, toyuna hazırlaşırdıq…Ömrü kimi arzuları, xəyalları da yarımçıq qaldı…İstəyirəm ki, balamın orden Haqqı tanınsın, ali ordenlərimizdən biri ilə təltif olunsun”-SƏBAİLLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİ TAĞIYEVİN ANASI TƏRANƏ TAĞIYEVADAN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Bakı şəhərinin Səbail rayonunun “20-ci sahə” ərazisində yaşayan Şəhid anası Təranə Tağıyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova və Milli Məclisin üzvü Nigar Arpadaraiyə müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Təranə Əliabbas qızı Tağıyeva Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Aydın oğlu Tağıyevin anasıyam. Övladım, Əlim İkinci Vətən Müharibəsi, tarixi Qələbə və Zəfər Şəhidlərimizdəndir. Əlim mənim üç övladımdan, əkiz oğlanlarımdan biri idi. Həm də nişanlıydı, toyuna hazırlaşırdıq.

Ancaq İkinci Vətən Müharibəsi zamanı Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucaldı və 23 illik ömrü kimi arzuları, xəyalları da yarımçıq qaldı. Balamın bəyliyi ağ kəfəni oldu. Bunları yazmaq, dilə gətirmək belə mənim üçün çox ağır, çox ağrılı və çox əzablıdır. Allah heç kimə bala, övlad dərdi yaşatmasın! Biz yaşadıq, mən yaşadım, amma kimsə yaşamasın!

Əlim çox ağıllı, çox tərbiyəli, çox vətənpərvər idi. Qəlbi Vətən eşqi, Qarabağın azad olunması istəyi ilə döyünürdü. Əsgərlikdə olarkən tarixi Aprel döyüşlərində də iştirak etmişdi. İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə də könüllü olaraq, yollanmışdı. Və canından çox sevdiyi, ailəsindən, anasından üstün tutduğu Vətəni, Qarabağı yolunda da-cəmi 23 yaşında Şəhid oldu. Övladımla, Əlimlə də Fəxr edir, Qürur duyur, İftixar hissi keçirirəm. Fəxr edir, Qürur duyur, İftixar hissi keçirirəm ki, Əli kimi İgid, Qəhrəman bir oğlulun anasıyam!

Onu da deyim ki, övladım Şəhidliyindən sonra Ali Baş Komandan kimi Sizin müvafiq sərəncamlarınızla dörd medalla təltif olunub. Buna görə də Sizı minnətdarlığımı ifadə edirəm!”

Müraciətdə sonra qeyd olunur:

“Çox hörmətli Müzəffər Ali Baş Komandan!

Müraciət etməkdə məqsədim övladımın, Əlimin ölkəmizin ali ordenlərindən biri ilə təltif olunması məsələsidir. Qeyd etdiyim kimi, övladım İkinci Vətən Müharibəsindən sonra dörd medalla təltif edilib, amma çox təəssüflər olsun ki, 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ali ordenlərimizdən biri ilə təltif olunmayıb. Bu isə bir ana kimi məni üzür, məyus edir. Təltif edildiyi medalları kimi, orden də balamın Haqqıdır. Ona görə istəyirəm ki, övladım Haqqı olan ali ordenlərimizdən biri ilə təltif edilsin, balamın orden Haqqı da tanınsın.

Əgər belə olarsa, bununla həm balamın ruhu huzur tapmış, ruhu şad edilmiş, həm də Yaralı, Dərdli və Qəhrəman bir ana kimi mənə təsəlli verilmiş olar. Bu baxımdan inanır və əminəm ki, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq, övladımın orden Haqqı tanınacaq.

Öncədən də Sizə öz minnətdarlığımı ifadə edirəm! Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı, “Dəmir Yumruq”lu, Rəşadətli Ordumuzu qorusun!”

Etikxeber.az

Read Previous

Şəhid anası ilə Şəhid ailəsini, Şəhid Əli ocağını-ZİYARƏTDƏ… – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyev Cuanşer Burçuladzeni-QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir