Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.
Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
13:00
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.

15:00
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.
Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu dedi.
Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirdi və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla bildirdi.
Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önəmini qeyd etdi.
Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndiririr və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.
Azərbaycan Prezidenti salamlara və xoş sözlərə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını dedi, bu yaxınlarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı.
Öz növbəsində Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğuladı.
Özbəkistan Ali Məclisi Senatının sədri Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd etdi. Vurğuladı ki, Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.
Qonaq bildirdi ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.
O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd etdi və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğuladı.
Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxundu, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırdı.
Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə də təşəkkürünü bildirdi.
Söhbət zamanı xalqlarımız arasında ortaq tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edildi.
Görüşdə qeyd edildi ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birgə Fond var.
Hər iki prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır.
Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulandı, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirildi.
16:47
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev Şalva Papuaşvilinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımından önəmini qeyd etdi.
Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladı və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd etdi.
Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxundu, birgə layihələrin icrasının əhəmiyyətini vurğuladı. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırdı və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini dedi.
Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulandı. Həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu.
Şalva Papuaşvili Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirdi. Qonaq Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurğulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd etdi. Gürcüstan parlamentinin sədri vurğuladı ki, vaxtilə Ulu Öndərin atdığı müdrik addımlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirdi.
Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxundu. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi.
Şalva Papuaşvili Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
17:30
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.
Prezident İlham Əliyev Misir parlamenti Nümayəndələr Palatasının sədrinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi. Ulu Öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurğulayan dövlətimizin başçısı, eyni zamanda, Ümummilli Liderin Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlərini qeyd etdi.
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladı, bu səfərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini dedi, səfər zamanı Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı salamlarını Misirin Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı. “Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”, – deyən Hanaf Ali Əl Gebali qeyd etdi ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. O vurğuladı ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı, bu xüsusda dövlətimizin başçısının Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı.
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırdı, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını qeyd etdi.
Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Etikxeber.az