Əliyev Qırğızıstandan çağırış etdi: “Təhdidlərə hazır olmalıyıq”

Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Etikxeber.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları xatirə şəkli çəkdiribilər.

Sonra Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə keçirilib.

Biz təhdidlərin artdığı dövrdə yaşayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib:

Bu gün bizim təşkilatın möhkəmlənməsinə şərait yaradacaq mühüm məsələlər müzakirəyə çıxarılıb. Biz işimizin optimallaşması ilə əlaqədar təşəbbüsləri dəstəkləyirik ki, ümumi maraq doğuran ən mühüm məsələlər üzərində diqqətimizi cəmləşdirə bilək. 

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar bu təşkilatın təsisçilərindən biri kimi, bizim dövlətimizin mövqeyini ifadə etmək istərdim. Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb.

Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik.

Humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd etmək istərdim. Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür. Bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu Forum humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çox mühüm beynəlxalq məkana çevrilib. Bu məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir. Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrı-seçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir.

Həmçinin həmkarlarıma onu da bildirməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu gün Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzlərindən biri kimi tanınıb. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət veririk. Dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada da yaxşı perspektivlər yaranır. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərini qoruyub saxlaya biləcəyik.

İndiki şəraitdə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Bizim ölkəmiz uzun illərdir bu sahəyə fəal sərmayə yatırır. Bu gün ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edir və ölkələrimizə əlavə iqtisadi dividendlər gətirir. Biz, həmçinin MDB-nin üzvü olan qonşu dövlətlərlə ölkələrimiz üçün böyük gələcəyə malik olacaq layihələr həyata keçiririk. Biz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyuruq. Bu, daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahədir və həm də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Əməkdaşlığın möhkəmləndirilməsi təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir.

Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir.

Sonda ümidvar olduğumu bildirmək istərdim ki, MDB bundan sonra da fəal inkişaf edəcək. Biz düşünülmüş islahatlar yolu ilə gedirik. İslahatlar təkcə islahat xatirinə həyata keçirilməməlidir. Onlar çox dəqiq istiqamətlənməlidir ki, bizim təşkilatımız möhkəmlənsin, daha cəlbedici və daha fəaliyyətqabiliyyətli olsun.

 

***

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub.

Dövlət Başçıları Şurasının iclasına gəldiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB-nin 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Kərimov yad edildi

İclasda sentyabrın əvvəlində dünyasını dəyişən Özbəkistan Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün ölkələrə MDB-də islahatlarla bağlı keçirilən müzakirələrdə əldə edilən kompromisə görə minnətdarlığını ifadə edən Prezident Almazbek Atambayev bu gün dünyada hökm sürən və heç də asan olmayan vəziyyətdə dialoq üçün istənilən genişmiqyaslı meydançanın qorunub saxlanılmasının vacibliyini bildirib. Qeyd edib ki, bütün məsələlər yalnız kompromislər vasitəsilə öz həllini tapa bilər. Almazbek Atambayev 2017-ci il yanvarın 1-dən MDB Dövlət Başçıları Şurasına sədrliyin Rusiya Federasiyasına keçəcəyini diqqətə çatdırıb.

MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məhdud tərkibli iclasda Birliyin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatının qəbul olunduğunu bildirib. Diqqətə çatdırıb ki, iclasda, həmçinin MDB-nin müasir reallıqlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib, Birliyin fəaliyyəti ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda sənədlərin imzalanması mərasimi olub.

MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçiriləcək

MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub. İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatını qəbul edərək təşkilatın müasir reallıqlara uyğunlaşdırılması məsələlərini Birliyin nizamnamə və müvafiq sahə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə ediblər. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu olub və  qərara alınıb ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçirilsin.

***

İlham Əliyev rəsmi qəbulda

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Read Previous

Millət vəkili bürokratiyadan və bürokratlardan gileyləndi

Read Next

Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl medal qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir