“Misirlə beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verdi.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

10:46

***

Yanvarın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşü olub.

11:35

***

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub.

12:30

***

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misirin planlaşdırma və iqtisadi inkişaf naziri xanım Hala Helmi Elsaid imzaladılar.

12:46

***

Yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

13:14

***

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

– Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha sizi səmimiyyətlə salamlayıram.

Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik.

Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq.

Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.

Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

x x x

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə, dünəndən gördüyüm bu qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək və eyni zamanda, dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm.

Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm.

Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək.

Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin.

Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır.

Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik.

Etikxeber.az

Read Previous

3 övlad atası, peşəkar hərbçi Ramil Quliyevin bu gün Cənnətdəki üçün doğum günü-ŞƏHİDLİYİ UZUN MÜDDƏT SONRA TƏSDİQLƏNƏN XÜSUSİ TƏYİNATLI KAMİL MƏMMƏDOVUN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİDİR…

Read Next

“İkitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq…Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcək…Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir