Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirdi.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunuldu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olundu. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Dövlətimizin başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulandı. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirildi.
Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunuldu.
Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlətimizin başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğuladı ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini dedi.
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirdi və özünün Pakistana səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı dövlətimizin başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edildi.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulandı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
Etikxeber.az