“Hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir…”-Əliyevlə Rəhmon yenidən-BİR ARADA… – FOTOLAR – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.

10:35

***

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

11:27

***

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başlayıb.

11:32

***

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Emoməli Şaripoviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycan torpağında salamlamağıma şadam. Çox şadam ki, Siz mənim dəvətimi qəbul etdiniz və Azərbaycana dövlət səfərinə gəldiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Həmçinin münasibətlərin inkişafında mühüm mərhələlərdən biri bu gün imzalayacağımız, bununla da münasibətlərimizin səviyyəsini rəsmi şəkildə yüksəldəcəyimiz Strateji Tərəfdaşlıq Bəyannaməsidir. Hərçənd qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik.

Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.

Gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir.

Əminəm ki, nəticələr də çox yaxşı olacaq və səfər faydalı, həmçinin xoş keçəcək.

Bir daha xoş gəlmisiniz.

X X X

Prezident Emoməli Rəhmon dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.

İlk növbədə, hörmətli İlham Heydər oğlu, yüksək diqqətinizə və səmimi qonaqpərvərliyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.

Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir.

Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub.

Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm.

***

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Kabir Şerali “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Tacikistan Respublikası Hökuməti yanında İcra Xidmətinin rəisi Barno Saidvalizoda “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Baxodur Şeralizoda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Tacikistanın daxili işlər naziri Ramazon Raximzoda “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”i imzaladılar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Tacikistanın xarici işlər naziri Muxriddin Sirodjiddin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.

Etikxeber.az

Read Previous

“Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər”-İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Read Next

“Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır…Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir