Əməyin mühafizəsi sosial siyasətin məqsədlərindən biridir-HADİ RƏCƏBLİ YAZDI

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən elan olunan 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü hazırda dünyanın yüzdən çox ölkəsində qeyd edilir.

Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunmasında məqsəd cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.

Azərbaycan BƏT-in konvensiyalarını ratifikasiya edib

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Məhz təhlükəsizlik və layiqli əmək şəraitində çalışan işçinin əmək məhsuldarlığı yüksəlir. Bu isə istehsal prosesinin daha da yaxşılaşmasına və məhsuldarlığına səbəb olur.

BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur. Bu, hər gün orta hesabla 6 min insan deməkdir. Hər il 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4 faizinin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir.

Bütün bunlar dünyada əməyin mühafizəsini aktuallaşdıran problemlər kimi çıxış edir. BƏT-in qəbul etdiyi və dövlətlərin qoşulduğu konvensiyaların böyük əksəriyyəti məhz əməyin təhlükəsizliyi, layiqli əməyin təmin olunması məsələlərini əhatə edir. 

Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü olduğu BƏT-in bu sahədə olan bütün konvensiyalarına qoşulub. Daha dəqiq ifadə etsək, ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyası ratifikasiya olunub.  2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunur.

Heydər ƏLİYEV: “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”

Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesi sivil dünya ənənələrini əhatə etməklə yanaşı, həm də ölkə vətəndaşlarının hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. Vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri sırasındadır.

Lakin məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəni bürüyən iqtisadi böhran əmək münasibətlərinin də pozulmasına gətirib çıxarmışdı.  Həmin dövrdə iş yerlərinin bağlanması, işsizliyin baş alıb getməsi dərin sosial problem kimi özünü göstərirdisə, mövcud iş yerlərində əməyin təhlükəsizliyi də arxa plana keçmişdi.

Sosial sahənin bütün istiqamətlərində olduğu kimi, əməyin təhlükəsizliyi sferasında da dəyişikliklər yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə gəlişindən sonra baş verdi. Bu baxımdan əməyin təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial siyasətlə bağlıdır. Belə ki, Ulu Öndərin ölkəmizə rəhbərliyə başlamasından sonra əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunub, BƏT-in konvensiyaları ratifikasiya edilib.

“Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Həmin maddənin altıncı bəndində yazılır: “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır”. Həmçinin Ana Qanuna əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var, heç kəs zorla işlədilə bilməz.

İnsan amilini rəhbər tutan siyasət

Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu, ölkə rəhbərinin hər bir vətəndaşın firavanlığına xidmət edən uğurlu siyasəti, əməkçilərin hüquqlarının təminatına daim xüsusi diqqət və qayğı göstərməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, son illərdə iqtisadi və sosial inkişaf strategiyasından irəli gələrək dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənən inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb.

Onu da xatırladım ki, respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.  Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri hamı üçün layiqli məşğulluğu və layiqli əməyi təşviq etməkdir.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan verib. Respublikamızda standartlara uyğun əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə fəal dövlət siyasəti həyata keçirilir.

Əmək təhlükəsizliyi hüquqi prizmada

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından Azərbaycan regionda qabaqcıl ölkədir. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi qəbul edilmiş və 1999-cu ildə qüvvəyə minmişdir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır.

 Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində qeyd olunur ki. əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.

Məcəllənin  207-239-cu maddələri məhz bu məsələləri əhatə edir. Əmək Məcəlləsinin 207-ci və 215-ci maddələrinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələblərinə işəgötürən və işçilər tərəfindən əməl edilməsi məcburidir. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, hər bir müəssisənin işəgötürəni müəssisənin istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq, işçilərinə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən həmçinin işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri Əmək Məcəlləsinin 215 və 225-ci maddələrində, eləcə də müəssisələr haqqında əsasnamələrdə (nizamnamə), kollektiv müqavilələrdə təsbit olunur. Əmək Məcəlləsində əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi (maddə 212), icra hakimiyyəti orqanlarının (maddə 213), bələdiyyələrin (maddə 214) səlahiyyətləri, mülkiyyətçinin və işəgötürənlərin  vəzifələri (maddə 215) müəyyən edilmişdir.

Sağlam və təhlükəsiz əmək şəraitini yaratmaq işəgötürənlərin vəzifəsi olsa da, əmək müqaviləsi ilə işləyən hər bir işçinin də əməyin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri var. Qanunvericilik müəssisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin də vəzifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 216-cı maddəsində əməyin mühafizəsi üzrə işçilərin vəzifələri ifadə olunub. Buraya əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, digər vəzifələr daxildir. Əmək Məcəlləsinə əsasən, əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Ona görə də müəssisə rəhbərləri əməyin mühafizəsinin idarə olunması məsələsinə ciddi əhəmiyyət verməlidirlər. Belə ki, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkil olunması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı, keyfiyyətli məhsul istehsalına da təminat verir. Qabaqcıl dünya təcrübəsində də əməyin mühafizəsi müəssisədə yalnız işçinin təhlükəsizliyi üçün deyil, iqtisadi artım üçün də vacib amil kimi qəbul olunur.

Məcəllə əsasında əməyin mühafizəsi,  o cümlədən texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxlu qanunvericilik və normativ sənədlər qəbul edilib.

2010-cu ildə isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər məhz bu qanunla tənzimlənir.

Bütün bunlar göstərir ki, respublikamız əmək qanunvericiliyi, əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi sürətli və davamlı sosial-iqtisadi inkişafla əlamətdardır. Bütün bunlar ölkəmizdə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Təbii ki, inkişaf həm də yeni çağırışlar formalaşdırır. Bundan irəli gələrək əmək hüquqlarının da qorunması və əməyin mühafizəsinin möhkəmləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edilib ki, bu da işəgötürənlərin işçilərin əmək hüquqlarına olan münasibətlərində məsuliyyətlərinin daha da artmasına səbəb olmuşdur. Azərbaycanda əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti həm də ümumbəşəri prinsiplərə əsaslandığı üçün əmək qanunvericiliyi daim təkmilləşdirilir, yeni normativ aktlar qəbul edilir.

İcbari tibbi sığortanın tətbiqi əmək münasibətlərində mütərəqqi sosial addımdır

Vətəndaşların sağlamlığının qorunmasına, eləcə də təhlükəsiz və sağlam əməyin təmin olunmasına xidmət edən mütərəqqi addımlardan biri də icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi sığorta tibbi xidmətlərin hər kəs, o cümlədən işçilər tərəfindən tam ödənişsiz əldə olunması üçün mükəmməl sosial sistemdir. Məqsədi tibbi xidmətləri əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaqdır.

İcbari tibbi sığortanın tətbiqi həm də qeyri-leqal məşğulluğun aradan qaldırılmasına da təsir edən mühüm təşəbbüsdür. Sirr deyil ki, əmək müqaviləsini bağlayarkən işçini maraqlandıran məsələlərdən biri də onun dövlət tərəfindən təmin olunduğu sosial xidmətlərdən yararlana bilmək imkanlarının olmasıdır.

Vətəndaşların məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə o, aidiyyəti qurumlar tərəfindən qeyri-formal məşğul hesab edilir. Qeyri-formal məşğulluğu dəstəkləyən faktorların təsbit edilməsi və aradan qaldırılması istiqamətində konkret addımların atılması məqsədi ilə Azərbaycan Prezidenti 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasını təsdiq edib.

Qeyri-leqal əmək münasibətlərinin iştirakçıları bütün sosial hüquqlardan, o cümlədən həyat sağlamlığını və əməyin mühafizəsini təmin edən şəraitdə çalışmaqdan, tibbi sığortadan,  əmək məzuniyyətindən məhrum olurlar. Bu baxımdan icbari tibbi sığortanın tətbiq olunması qeyri-leqal məşğulluğun qarşısını almaqla yanaşı, həm də əməyin mühafizəsinə yönəlmiş vacib sosial addımdır.

Pandemiya dövründə dövlət iş yerlərini və əməkhaqqı gəlirlərini qorudu

2020-ci ilin sonundan COVID-19 pandemiyasının yayılması bütün dünyada əməyin mühafizəsi məsələlərini daha da aktuallaşdırdı. Bir çox ölkələr bu sınaqdan çıxa bilmədilər, dünyada yüz milyonlarla insan iş yerini itirdi, gəlirdən məhrum oldu. Lakin Azərbaycanda vəziyyət fərqlidir. Ölkəmizdə pandemiya dövründə geniş sosial dəstək paketinin əsas istiqamətlərindən biri kimi pandemiyanın əmək sferasına mənfi təsirlərinin azaldılması, işçilərin təhlükəsizliyi təmin olundu.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə ölkəmizdə icra olunan, məşğulluq və sosial rifaha dəstək məqsədilə müxtəlif istiqamətlər üzrə sosial dəstək paketi həyata keçirilib. Bunun nəticəsində dövlət və özəl sektorda muzdla çalışan işçilərin iş yerləri və əməkhaqqı gəlirlərinin qorunmasına nail olunub. İşçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və əməkhaqlarının saxlanması üçün e-sistem üzərindən daimi nəzarət həyata keçirilib.

Bütün bunların nəticəsi kimi əmək müqavilələrinin sayı azalmayıb, əksinə, artım müşahidə edilib. Habelə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib.

Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri xüsusən ərazilərin ermənilər tərəfindən minalanması səbəbindən əməyin təhlükəsizliyinin nə qədər aktual məsələ olduğunu göstərir.

Azərbaycan sosial dövlətdir. 

Bundan irəli gələrək əməyin təhlükəsizliyi ilə bağlı dövlət siyasəti və qanunvericilik təkmildir.

Əlbəttə, iş olan yerdə əməyin mühafizəsində arzuolunmaz halların baş verməsi də mümkündür.

Lakin əsas odur ki, Azərbaycanda vətəndaşların əmək təhlükəsizliyinin təmin olunması istiqamətində böyük iradə və mütərəqqi fəaliyyət var.

Hadi RƏCƏBLİ,

Siyasi elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

Bayden mayın 20-dən 24-dək Cənubi Koreya və Yaponiyaya-SƏFƏR EDƏCƏK

Read Next

3 medallı, ailənin 3 övladından biri, subay Elməddin Yusibovun Cənnətdəki ikinci ad günü: 27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir