Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi olub.
Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
12:07
***
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.


12:14
***
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü başlayıb.
13:16
***
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə deyib.
Dövlətimizin başçısı bildirib:
“Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız”.
***
Əminəm ki, növbəti illərdə bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.
Bu sözləri də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə söyləyib.
Yeni hökumət üzvlərini də ürəkdən təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib:
“Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə bir yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı bir yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.
***
Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük.
Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə deyib.
“Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər”, – deyən Türkiyə Prezidenti ürəyi onlarla döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz adından və milləti adından bir daha minnətdarlığını bildirib.
***
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq.
Bu sözləri ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə deyib.
“Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.
***
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər.

14:03
***
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Sizin dövlət səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən qısa müddət sonra Siz Azərbaycana səfər edirsiniz. Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.
Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız.
Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksəksəviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir.
Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır.
Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz.
x x x
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:
– Hörmətli cənab Prezident, əziz Qardaşım.
Hörmətli heyət üzvləri.
Sizləri öz adımdan, heyətim adından ən səmimi hisslərimlə salamlayıram. Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq. Göstərdiyiniz qonaqpərvərliyə görə şəxsən öz adımdan və heyətim adından səmimi təşəkkürlərimi xüsusilə ifadə edirəm.
Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.
Maarif Vəqfimiz Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir. İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq.
Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmiryolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var.
14:17
***
14:21
***
Seçkilərdə Sizin (Rəcəb Tayyib Ərdoğan – red) qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmiş, dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Yürütdüyünüz daxili və xarici siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsinin Azərbaycan xalqını çox sevindirdiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir”.
***
Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib:
“Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.
**
Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı deyib ki, bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir.
Etikxeber.az