Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 günlüyündən anası tərəfindən təkbaşına böyüdülən, evin tək-yeganə övladı-ŞƏHİD ELMƏDDİN HÜSEYNZADƏ…
***
Şəhidim…Nur üzlüm…
Qəhrəman Bərdəmizin daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanı, İgidi və Şəhidi…
Cəmi bir ayın hərbçisi-MAXE Elməddin Hüseynzadə…
Dünən, 19 may tarixində Bərdədə Şəhid ailələrini ziyarətimiz zamanı evin tək-yeganə övladı olan, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadənin anası Arzu xanıma da baş çəkdik …
1998-ci ilin martın 24-də anadan olan Elməddin ata nəvazişindən, ata qayğısından məhrum olub…
Atası onu körpəliyinin 23-cü günündən tərk edib, Rusiyaya gedir və bir də geri dönmür…
Anası Arzu xanım onu təkbaşına, minbir əziyyətlərlə böyüdüb boya-başa çatdırır…
6 yaşından xalasıgildə qalan Elməddin Bərdə şəhərindəki 1 saylı məktəbə gedir…
2009-cu ildən anası Arzu xanım Sərkarlar kəndindən Bərdəyə köçür və ana-oğul düz 9 ilə yaxın kirayələrdə yaşayırlar, ömür çürüdürlər…
2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərindən isə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçürlər…
2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışır, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Ordu ilə bağlayır, MAXE kimi, fəaliyyət göstərir…
Müharibənin ilk anlarından da döyüşlərə atılır…Və Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində-senyabrın 29-da Şəhid olur…Və elə həmin gün axşam saatlarında da nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılır…
1998-ci ilin aprelindən tək övladını və həyat yoldaşını atıb, tərk edib gedən “ata”-“ər” isə Şəhidin dəfninə, yasına belə gəlmir…Və gerçəkdən bunu ifadə etməyə söz tapmaq olmur… Nə yazasan, nə deyəsən ki…
Tək övladını, gözünün ağı-qarasını itirən Şəhid anası isə təkbaşına, dərdlər, kədərlər içində yaşayır, qovrulur və “Zülm-zillətlərlə bu evi tikdirdikdən sonra Elməddin sevincindən Yerə-Göyə sığmırdı…Çox sevinirdi, çox…Hətta, məni qucağına alıb, bir-bir otaqları gəzdirirdi…7 aydır Elməddinim yoxdur…İndi mən bu evdə Elməddinsiz necə yaşayacam?…”-deyir Arzu xanım…Göz yaşları da selə dönür… Və bir daha sözün bitdiyi, aciz qaldığı yer…
Onu da qeyd edək ki, Arzu xanım illərdir özəl qurumlardan birində texniki işçi (loru dillə desək, xadimə işləyir) işləyir… Ancaq çox yaxşı olar(dı) ki, Bərdə rayon rəhbərliyi, İcra Hakimiyyəti Şəhid anasını daha münasib işlə təmin etsin…Bu, onların vəzifə, həm də Şəhidimizin müqəddəs ruhu qarşısında mənəvi, borcudur…
Allah Şəhidimizə qəni-qəni rəhmət etsin, dərdli, kədərli Arzu xanıma, Arzu anaya isə bu dərdi, bu yükü daşımaq üçün dözüm, güc, qüvvət versin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az