Əsədov Yılmaza təbrik, Oktaya təşəkkür-MƏKTUBU GÖNDƏRDİ – YENİLƏNİB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Etikxeber.az-a verilən məlumata görə, məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib.

Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilmişdir.

Məmnunluqla qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əməkdaşlıq münasibətləri bu müddət ərzində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən nəhəng layihələrin iki ölkənin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırdığı, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət etdiyi bildirilib.

“Bir millət iki dövlət” şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə asında müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkənin əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və bütün digər sahələrdə daha da genişləndirilməsi istiqamətində birgə səy göstərməyə hazırlıq ifadə olunub.

***

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, məktubda Türkiyənin Vitse-prezidenti olduğu müddətdə Azərbaycan ilə münasibətlərin inkişafına yetirdiyi diqqətə görə F.Oktaya minnətdarlıq ifadə olunub.

F.Oktayın İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri kimi Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə genişləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Eyni zamanda Türkiyə Böyük Millət Məclisində gələcək fəaliyyətində F.Oktaya uğurlar arzulanıb, bu müddət ərzində də onun Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.

Etikxeber.az

Read Previous

Bayramov Fidanı Azərbaycana səfərə-DƏVƏT ETDİ

Read Next

Azərbaycan Ordusunun Şuşa, Xocalı, Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir