“Son doqquz ayda Azərbaycan idmançıları 512 medal qazanıblar. Bu dövrdə ölkəmizdə 106 respublika əhəmiyyətli yarış və 29 beynəlxalq turnir təşkil olunub”.
Etikxeber.az xəbər verir ki, bu sözləri noyabrın 14-də Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov keçirdiyi mətbuat konfransında deyib.
F.Mansurov bildirib ki, idmançılarımız bu müddətdə 128 beynəlxalq turnirə qatılıblar.
Sentyabrın 6-da bu vəzifəyə təyin edilən Olimpiya çempionu təxminən üç ay sonra KİV nümayəndələri ilə təşkil olunan görüşdə fikirlərini belə bölüşüb:
“Mən idmançı kimi çıxış etdiyi vaxtlarda da daim mətbuata açıq olmuşam. Nazirlikdə işləmək həm maraqlı, həm də məsuliyyətlidir”.
Gələcək planlarından söz açan F.Mansurov qeyd edib:
“Məqsədimiz qazanılan nailiyyətlərin davamlı olmasıdır. Bu mənada əsas diqqət idman məktəblərinə yönələcək”.
Etikxeber.az