Əslən Gədəbəyli, özü isə Zabratlı olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ KAMRAN QASIMOVUN BU GÜN 23 YAŞI TAMAM OLUR…

Əslən Gədəbəy rayonunun Qaravəllər kəndindən olan Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Kamran Fazil oğlu Qasımovun doğum günüdür.

Bu gün Şəhidin 23 yaşı tamam olur və bu, həm də Kamran Qasımovun Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Kamran Qasımov 2001-ci ilin fevral ayının 20-də Bakının Sabunçu rayonunun Zabrat (Zabrat-1) qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub.

2007-ci ildə Zabrat qəsəbəsinin 192 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib, 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirib və həmin il 14 saylı Bakı Peşə Liseyinə daxil olub.

Liseyi bitirdikdən bir müddət sonra, 2019-cu ilin iyul ayında Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib və xidmətə Füzuli rayonundakı “N”saylı hərbi hissədə başlayıb.

Sonra isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən (Lələtəpədə) “N” saylı hərbi hissədə qulluq edib və İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Döyüş yolu bir ay çəkib, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşüb.

Axırıncı dəfə ailəsi ilə oktyabrın 24-də danışıb.

Və müharibənin bir ayının tamamında, oktyabrın 27-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir ay sonra, noyabr ayının 26-da, atasının ad günündə, 48 yaşı tamam olan gündə Zabrat qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”  “Füzulinin azad olunmasına görə” medalları və bir ordenlə təltif olunub.

O, həm də subay olub.

Onu da qeyd edək ki, Kamranın daha beş yaxın qohumu Birinci və İkinci Vətən Müharibəsi Şəhididir.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 23 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində bir çox səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edilir-DƏYİŞİKLİK

Read Next

Dövlət Vergi Xidmətinin bəzi əməkdaşları təltif edildi, bəzi əməkdaşlarına ali xüsusi rütbələr verildi-SƏRƏNCAM – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir