Bu gün əslən Gürcüstanlı və Bakının Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Alı Nofəl oğlu Həsənlinin doğum günüdür.
Alı Həsənlinin bu gün 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Keşlə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Ziyarətdən sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı “Monte Karlo” şadlıq sarayında mərasim düzənlənib, adına ehsan verilib.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.
Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra çıxışlar edilib.
Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından danışılıb, ailəsinə Allahdan səbr arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Şəhidin ailə üzvləri, valideynləri də ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını ifadə ediblər.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Alı Həsənlinin ailə üzvləri, yaxınları, qohumları, Bakının Nizami və Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, İcra başçısı Coşqun Cəbrayılov başda olmaqla, Nizami rayon İcra Hakimiyyətinin rəhbər şəsxləri və digərləri iştirak ediblər.
Mərasim 3 saata yaxın davam edib.
***
Qeyd edək ki, əslən Gürcüstanlı olan Alı Həsənli 1995-ci ilin 22 iyun tarixində Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
2001-2012-ci illərdə Nizami rayonunda yerləşən Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbdə oxuyub.
Orta məktəbi qurtardıqdan sonra, 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Geofizika mühəndisliyi fakültəsinə daxil olub və 2016-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub.
Ali təhsilini başa vuran il, 2016-cı ilin iyulunda hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Beyləqan rayonunda xidmət edib.
2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dönüb və 2017-2018-ci illərdə müxtəlif sahələrdə çalışıb.
2018-ci ilin dekabrından isə SOCAR-ın Təhlükəsizlik İdarəsində təhlükəsizlik xidməti əməkdaşı kimi çalışıb.
2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunan 25 yaşlı Alı İkinci Vətən Müharibəsinin ilk anlarından da döyüşlərdə iştirak edib.
Döyüş yolu Füzuli-Cəbrayıl istiqamətlərində keçib və 2020-ci ilin oktyabrın 21-də Cəbrayıl istiqamətində döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Nəşi Bakı şəhərində, Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Alı həm də ailənin tək oğlu, iki bacının tək qardaşı idi.
O, eyni zamanda, subay olub.
Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
14:08
***
FOTOLAR:



















14:40
***

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az