“Ədəbi, elmi oğurluqlar, sənət mənimsəmələri adi hal alıb” və ya “NİGARANÇILIQ” – MİLLƏT VƏKİLİ YAZDI

İrad tutmağa tələsməyin.

Məndən olsa “nigaranlıq” yazardım.

Amma klassik mətnə riayət edərək belə yazdım.

Hərçənd dillə daha səliqəli rəftar barədə sözümü də dedim.

Di gəl, o təhər yazanlar da vaxtilə, şübhə yox, nəyəsə əsaslanıbmış.

Sentyabrın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsi ilə əlaqədar müsabiqəyə bağlı yazıma bu gün bir narahalıqdan doğan xırdaca əlavəmi etdim.

Lakin orasını düşündüm ki, kimdir bir də köhnə yazıya qayıdıb yenidən oxuyan!

Ona görə orda artırmaqla yanaşı, burda da həmin əlavəni bir daha diqqətinizə çatdırıram.

P.S. Dilimizdə köhnə, amma indi mahiyyəti tam dəyişmiş bir ifadə var: “Gör-götür dünyası”.

Bunu keçmişlərdə o mənada işlədərdilər ki, gördüyündən öyrən, təcrübə yığ, ibrət al.

Lakin indi bu deyimi “harda nə gördün götür, ağına-bozuna baxma, xoşuna gələni, döşünə yatanı elə öz dədə malın kimi çırpışdır” anlamında anlayır və elə buna müvafiq də hərəkət edirlər.

Ona görə də ədəbi və elmi oğurluqlar, sənət mənimsəmələri adi hal alıb.

Yaradıcılıq qəsbkarlığı elə səviyyəyə yetişib ki, nəinki ayrı-ayrı fikirləri, ideyaları, süjetləri, hətta iri-iri kitab və dissertasiyaları heç bir vicdan əzabı çəkmədən öz adlarına çıxırlar, kimsə “axı belə olmaz!” qımıldananda da oğru elə çımxırır ki, doğrunun zəhri çatlayır.

zeynalll

Haqqı da var!

Oğrunun əlindən vuran, cəzasını verən olmadıqca, belə başıpozuqluğun qarşısında qanunların sərt zirehi yüksəlmədikcə əlbəttə ki, bu təhər umulmaz eybəcərliklər vərdişə çevrilir, gündəlik gedişatın kimsəni səksəndirməyən adi halına dönür.

Bir müddət öncə Natiq Əliyevin yaratmağı nəzərdə tutduğu eskizlərini səhifəmdə dərc edəndən, bir çox insanlar bunu paylaşandan, bəzi saytlar da olduğu kimi yayandan sonra içərimdə bir nigaranlıq yarandı.

Axı başqaları bu eskizdə əksini tapmış ideyaları artıq mühirimizdə adiləşmiş çırpışdırma adətkərdəliyinə uyğun olaraq elə belə də olmalıymış kimi rahatca istifadə edə bilər. Həm də bunu Allahın ona yuxuda nazil ediyi ilham payı kimi qavrayar.

Etiraz edəndə də bozarar ki, nəkarasan mənə irad tutursan, elə mən də əvvəldən belə fikirləşirdim.

Edə də bilərlər, deyə də bilərlər.

Axı nə gördün götür dünyasıdır!

İşdi şayəd sabah belə edən gözə dəysə, deməli, təqsirkar mən olmuş olacağam ki, Natiqin eskizlərini bu sayaq arxayınca ictimailəşdirib kəmfürsətlərə qapazlamaq girəvəsi yaratmışam.

Təki olmasın!

Olsa, məcbur qalacağam ki, ən azı günahımı yumaqçün işə qarışım, həqiqəti qoruyum!

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

15 sentyabr 2019

Read Previous

Bu il 1 milyon 525 min 16 şagird təhsil alacaq – YENİ DƏRS İLİ BAŞLANIR

Read Next

“Yeni Azərbaycan dastanı” sənədli filminin təqdimatı – GƏNC VƏ İCTİMAİ FƏALIN NÖVBƏTİ UĞURU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir