Ədalət və insanlıq dərsi!-MUSA URUD YAZDI

Avropa Şurasının xəmiri xaç suyu ilə yoğrulub.

Qarabağın işğal olunmuş ərazilərinə nəzarət edən separatçı xunta rejiminin keçirdiyi qeyri- qanuni seçki şousu və xuntabaşı seçməsi dünyanın heç bir dövləti tərəfindən tanınmadı, ATƏT Parlament Assambleyası, Minsk qrupunun həmsədrləri- Rusiya, ABŞ və Fransa belə seçkiləri və onların nəticələrini tanımadıqlarını dəfələrlə bəyan ediblər.

Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlar bu seçki oyunbazlığını pisləyən bəyanatla çıxış ediblər.

Təkcə öz mövqeyini bildirməyən AŞPA olmuşdur. Əslində bu mövzuda AŞPA- nın susması onun ikiüzlü mövqeyinin bir göstəricisi kimi qiymətləndirilə bilər.

Bu günlərdə Tərtər rayonuna səfər edən cənab prezident İlham Əliyev orada Olimpiya Kompleksinin açılışında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi barədə geniş çıxış etmiş, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq xalqımızın mövqeiyini bir daha dünyaya bəyan etmiş, AŞPA – nın ikili standartlar siyasətini tutarlı faktlarla ifşa etmişdir.

Cənab Prezident Avropa Şurasının antiazərbaycan mövqeyini, azərbaycanofobiya adlandırmış, Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu təşkilatın qərarlarının bizim üçün əhəmiyyətsiz bir kağız parçası olduğunu söyləmişdir.

Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir.

Bunun əsas səbəbi AŞPA- nın siyasi sifarişlə işləməsi, işğalçı Ermənistana bir “xristian qardaşlığı” münasibəti göstərməklə din təəssübkeşliyini hüquq və ədalətdən üstün tutması, beynəlxalq əlaqələri və nüfuzu getdikcə güclənən Azərbaycana qarşı ardıcıl təzyiq yolu tutmaqla işğalçıya tərfkeşlik etmək cəhdləridir.

Nədənsə, haqq- ədalət carçısı olan AŞPA ABŞ-ın Minneapolis şəhərində polisin boğub öldürdüyü qaradərili insanın “nəfəs ala bilmirəm” iniltisini eşitmir, Avropanın göbəyində itlərə yedirdilən, at dırnağı altında tapdanan nümayişçiləri görmür, Azərbaycanda zərrəbinlə haqqı pozulan müxalifətçi, siyasi dustaq axtarır, milli kimliyi, etnik və cinsi mənsubiyyəti bilinməyən insanlara qucaq açaraq onlardan ölkəmizə qarşı ” beşinci kolon” yetişdirərək səxavətlə istifadə edir.

Azərbaycanda hər kəsə bəllidir ki, AŞPA – nın xəmiri xaç suyu ilə yoğrulub və bu təşkilatın ağ şalvarında qara erməni yamağı getdikcə daha aydın görünməkdədir.Azərbaycanın güclü lideri var, güclü xalqı var, güclü ordusu var.

Bizim nə AŞPA- nın dəstəyinə ehtiyacımız yoxdur, nə də onun qərəzli mövqeyindən qorxumuz yoxdur.

Bizim istədiyimiz ədalətli münasibətdir.

Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik, o torpaqlarda həqiqi, demokratik seçkilər keçirəcəyik və AŞPA- ya da, onun kimi, ermənipərəst qüvvələrə də dərs verəcəyik, ədalət və insanlıq dərsi!

Musa QULİYEV (URUD),

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri

Etikxeber.az

Read Previous

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq-SABAH

Read Next

“Ancaq susurlar…”-ELNUR ALLAHVERDİYEVDƏN AŞPA-NI SƏRT TƏNQİD EDƏN MÖVQE-YAZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir