Əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolu var – GÖVHƏR BAXŞƏLİYEVA – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Misir Ərəb Respublikasının bir qrup ictimai xadimi ilə görüş keçirilib.

İnstitutdan Etikxeber.az-a bildiriblər ki, görüşdə Misir parlamentinin nümayəndələr palatasının sədr müavini əl-Sayed Mahmud əl-Şərif, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Usama əl-Abd və Misirin Qalyubiyyə vilayətinin qubernatoru Aləm iştirak ediblər.

Qonaqları Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşayiət edib.

Əvvəlcə qonaqlar Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Şərqşünaslıq İnstitutunun direktoru, həmçinin ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan danışıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu bildirib.

Görüşdən məmnun qaldıqlarını söyləyən misirli nümayəndələr iki ölkə arasındakı münasibətlərdən söz açıblar.

GEVHARRR

Sonra qonaqlar Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüblər. Əl-Sayed Mahmud əl-Şərif Misirdə Azərbaycana böyük rəğbət olduğunu deyib, alimlərin qarşılıqlı səfərlərinin hər iki tərəfə böyük fayda verdiyini söyləyib. Usama əl-Abd ölkələrimiz arasında əlaqə körpülərinin birinin də elm olduğunu qeyd edib.

Gövhər Baxşəliyevaya Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun təsisində və fəaliyyətindəki xidmətlərinə görə təşəkkürünü bildirən qonaq, Misir Prezidentinin iki ölkəni təkcə dost deyil, qardaş ölkə adlandırdığını deyib.

Azərbaycanda böyük inkişaf gördüyünü deyən Misirin Qalyubiyyə vilayətinin qubernatoru Aləm ölkələr arasında əlaqələrdən danışıb və rəhbərlik etdiyi vilayətdə ulu öndər Heydər Əliyevin abidəsinin olduğunu qeyd edib.

Çıxış edənlər fəaliyyət göstərdikləri şöbələrdə ərəbşünaslıq sahəsində aparılan elmi tədqiqatlardan söz açıblar.

Etikxeber.az

Read Previous

Ceko Çempionlar Liqasının üçüncü turunun ən yaxşı oyunçusu seçildi…

Read Next

Badamdarda torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində aktivlik qeydə alındı – NAZİRLİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir