Əli Məsimli qiymət artımına etiraz etdi, Musa Quliyev rüsumla bağlı qanuna dəyişikliyi vacib saydı-FAZİL MUSTAFA ORERATİV QƏRARGAHIN BƏZİ QƏRARLARININ DƏYİŞDİRİLMƏSİNİ TƏKİLF ETDİ – YENİLƏNİB – (1)

Azərbaycan koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyub.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

O, bildirib ki, bunun üçün MM-də ölkədə koronavirusla bağlı vəziyyətə dair dinləmə keçirilməsi çox yerindədir:

“Bu böyük tədbirin praktiki əhəmiyyətini artırmaq üçün qaldırılan məsələlər həllini tapmalıdır. Pulsuz testlərin istifadə dairəsinin genişləndirilməsi, pullu testlərin qiymətlərini 2-3 dəfə endirilməsi həll olunmalıdır. İkinci olaraq, pensiyaların artması müsbət hadisədir. Ancaq bununla paralel qiymətlər də artır. Bunun qarşısı alınmalıdır. Dövlət strukturu olan “Azərsu” da qiymətləri iki dəfə qaldırıb. Bu, hələ son deyil. Digər xərclər də qalxacaq. Bu, aşağı təbəqə insanların həyatını daha da çətinləşdirəcək. Bu təşkilatların təsərrüfatsızlığının əvəzini Azərbaycan xalqı ödəməməlidir. Bunlarla bağlı tədbirlər görülməlidir”.

***

“Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir”-deyən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil:

“Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və bu uyğunsuzluğu aradan qaldıraq”.

M. Quliyev həmkarı Naqif Həmzəyevin təklifini də dəstəkləyib:

“Gəncə aeroportuna Nizami Gəncəvinin adının verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması, gələn turistlərin daha çox məlumat alması baxımından bu çox yaxşı addım olar”.

***

“Biz bölgələrimizin adının tanınması ilə bağlı fərqli strategiyalar üzərində işləməliyik”.

Bunu da MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, Nizami Gəncəvi kifayət qədər dünyada tanınır:

“Nizami adına Gəncədə kifayət qədər yer adları var. Biz burada tanınmayanların dünyada tanınmasına şərait yaratmalıyıq. Məsələn, Nəsib bəy Yusifbəyli”.

Deputat bildirib ki, Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməlidir:

“Sahibkara istənilən səviyyədə yardım göstərmək mümkün deyil. Ölkədə tikinti məhsullarının qiyməti son 1 ildə 30-40% qalxıb. İdman yerlərini bağlayıblar. Burada hansı yoluxma təhlükəsi var?! Yüzlərlə, minlərlə insanların vəziyyəti ağırdır. Yaxud paltar, ayaqqabı satılan yerləri bağlayırlar-açırlar. Hansı ki, ora gün ərzində 10-20 nəfər girə ya girməyə. Bir çox sahələri açmaq lazımdır. İnsanları bu vəziyyətdə qoymaq olmaz. Həmin yerlərdə çalışan insanlar işləmir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yaz sessiyasının ikinci plenar iclası- AZAY QULİYEV QAZ SAYĞACLARI PROBLEMİNDƏN DANIŞDI, ZAHİD ORUC NAZİRLƏRİN DƏ AND İÇMƏSİNİ TƏKLİF ETDİ, NAQİF HƏMZƏYEV GƏNCƏ AEROPORTUNUN ADI İLƏ BAĞLI TƏKLİF SƏSLƏNDİRDİ – YENİLƏNİB – (2)

Read Next

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir