““Əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Mayın 8-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ daxil edilib.

Onlayn iclasda  vurğulanıb ki, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunlarda və 1997-ci il 3 oktyabr tarixli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə sənədlər  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci 31 may tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sənədlərdə  edilən  dəyişiklikləri  şərh edən  H.Hüseynova qeyd  edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib. Bu da əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Komitə  üzvləri  Jalə Əliyeva, Rauf Əliyev,  Sədaqət Vəliyeva, Rəşad Mahmudov,  Sevil Mikayılova,  Nigar Arpadarai,  Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə sənədlə bağlı çıxış edərək fikirlərini bildirib,  qanunlara təklif olunan texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişləri  razılıqla  qarşılayıblar.

Onlayn iclasın sonunda qanun layihəsi MM-in plenar iclasına tövsiyə  edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir”-ƏLİ HÜSEYNLİ

Read Next

“Sosial şəbəkəyə baxın, hər kəs soruşur ki, torpaqlarımızın, Şuşamızın işğal altında qalmasına biz nə qədər dözməliyik?”-SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir