“Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Turizm haqqında” yeni qanun layihələri müzakirələrə çıxarılır… – YENİLƏNİB – (4)

Komitə sədri:  “Bizə daxil olan ərizə və şikayətlərin sayı daha çox olub”

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də  parlamentin Əmək və sosial siyasət komitəsinin ilik iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, hesabat dövründə 6 iclas keçirilib, 14 məsələ müzakirə olunub və 12 qanun layihəsi plenar iclaslara tövsiyə edilib.

Onun sözlərinə görə, hesabat dövründə komitəyə vətəndaşlardan 473 ərizə, şikayət və müraciət daxil olub:

“Digər komitələrlə müqayisədə bizə daxil olan ərizə və şikayətlərin sayı daha çox olub”.

Komitə sədri həmçinin deyib ki, son payız sessiyasında 363 vətəndaş qəbul edilib, dinlənilib:

“Bu da onu göstərir ki, komitəmizə inam, etimad böyükdür”.

hadi racabli-hadi

 

***

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Turizm haqqında” yeni qanun layihələri hazırlanıb

Sonra H. Rəcəbli  komitənin 2018-ci il qanunvericilik işləri planı haqda məlumat verərək bildirib ki, buraya iki qanun layihəsi -“Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Turizm haqqında” yeni qanun layihələri daxildir:

“Həmin qanun layihələrindən biri -əlilliyi olan şəxslərlə bağlı qanun layihəsi bizim bugünkü iclasın gündəliyinə salınıb. Bu yöndə ölkədə müvafiq qanunvericilik aktı mövcuddur. Ancaq onun üzərindən illər keçib və yeni dövrün reallıqlarına uyğun olaraq, yeni qanuna ehtiyac var. Odur ki, bununla bağlı yeni qanun layihəsi hazırlanıb və o, cənab Prezidentin təqdimatı ilə bizə göndərilib. Çox maraqlı və mütərəqqi bir sənəddir. Onun qəbulu olduqca vacibdir”.

Komitə sədri yaz sessiyası dövründə həmçinin, “Turizm haqqında” yeni qanun layihəsinin müzakirələrə çıxarılmasının nəzərdə tutulduğunu bildirib.

***

 Komitə sədri eyni zamanda, Azərbaycanda valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan 18 yaşına qədər şəxslərin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsinin yenidən müzakirəyə çıxarılmasının gözlənildiyini deyib. 

H. Rəcəbli   bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.

***

Növbədənkənar mənzillərlə təmin edilmə məsələsi qanun layihəsinə salınıb

“Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək”.  Bu haqda isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə məlumat verən MM-in Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib.Onun sözlərinə görə, qanunun 10-cu (Əlilliyi olan şəxslərin reablitasiyası və abilitasiyası) maddəsinin 6-cı bəndinə əsasən, əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. O, qeyd edib ki, qanun layihəsində məlum kateqoriyadan olan şəxslərin növbədənkənar mənzillərlə təmin edilməsi də öz əksini tapıb.

Onu da qeyd edək ki,  qanun layihəsindəəlillərin Qeyri-Hökumət Təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir. Yəni, qanun layihəsinin 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

***

musa-urud

Musa Quliyev qanun layihəsini “yıxıb-sürüdü”

Adıçəkilən komitənin üzvü Musa Quliyev  yeni qanun layihəsindən xəbərsiz olduğunu, ilkin tanışlıqdan sonra isə sənəddən narazı qaldığını deyib: “Köhnə-mövcud qanun daha işlək, daha praktik və daha mütərəqqi idi. Belə bir qanun layihəsinə heç bir ehtiyac yoxuydu. Bu sənəd bu şəkildə  qəbul olunarsa, çox ciddi problemlər yaranacaq. Əlillərin yeganə ümid yeri dövlətdir. Onların dövlətdən savayı ümid yeri hara ola bilər ki? Amma bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır. Maliyyə Nazirliyi deyir ki, bu sənəd maliyyə tutumludur, filandır…Maliyyə tutumlu məhz bu sənəd olmalıdır da? Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?”

O, eyni zamanda, əlillərin mənzillərlə təmin olunması məsələsinin qanun layihəsində konkret olmadığını deyib: ” Qanun layihəsində göstərilir ki, bu məsələ Mənzil Məcəlləsi ilə tənzimlənir və tənzimlənəcək. Amma axşam həmin Məcəlləyə baxdım, orada belə bir şey görmədim…Axı, bu, necə ola bilər?!”

***

Araz Əlizadə: “Açığı bir az şübhəliyəm…”

araz

Millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin qəbulunun tərəfdarı olsa,  amma sənədin işləyə bilməməsindən ehtiyatlandığını bildirib.

Millət vəkili  deyib ki, ən ideal qanun olsa belə, o, işlək olmasa, heç bir əhəmiyyəti olmayacaq:

“Mən belər sənədin qəbulunun əleyhinə deyiləm. Hesab edirəm ki, belə bir sənədə ehtiyac var. Amma əsas məsələ onun icrası, işləkliyidir. Ən ideal qanun qəbul etsək belə, o,  işləməyəcəksə, heç bir əhəmiyyəti olmayacaq. Ona görə də mənim açığı deyim ki, bu sənədin işləməsinə inamım çox azdır. Axı, indiki əlil təqaüdləri, əlil müavinətləri ilə bu qanunun işləkliyini necə təmin etmək olar və ya olacaq?! Mən buna şəxsən şübhə ilə yanaşıram”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Hər iki valideynini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

Read Next

“Mümkünsüzdür!” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir