Əliyev: “Əldə olunan razılaşmalar çox önəmlidir…” – FOTOLAR -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

Etikxeber.az verir ki, Prezident həmçinin, Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib.

İlham Əliyev eyni zamanda, Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.

***

Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı əlaqələrimizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirdi. Bunun da öz növbəsində hər iki dövlət başçısının niyyətinin göstəricisi olduğunu vurğulayan Prezident İlham Əliyev İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların önəmini qeyd etdi, ölkəmizin İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduğunu dedi. Cavad Cahangirzadəyə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Cavad Cahangirzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, Prezident Həsən Ruhani onun ən yaxın dostlarından və qardaşlarından birinin Prezident İlham Əliyev olduğunu dedi. Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyən Cavad Cahangirzadə bunun üçün ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli dəstəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olduğunu qeyd edən dövlət başçısı ölkəmizin dövlətlərimiz arasında əməkdaşlığı genişləndirmək və tərəfdaşlığımızı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Rumıniyaya dəfələrlə səfər etməsini məmnunluqla xatırlayaraq Rumıniyanı Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri kimi dəyərləndirdi. Dövlətimizin başçısı Rumıniyanın Azərbaycanda çoxlarına yaxşı tanış olduğunu, insanların bu ölkəyə yüksək ehtiramla yanaşdıqlarını bildirdi.

Rumıniya Prezidenti Klaus Yohannisin Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdıran səfir Dan İanku ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğuladı. Rumıniyalı diplomat ölkəmizə gələrkən inkişafın və böyük potensialın, həmçinin Bakının möhtəşəmliyinin şahidi olduğunu dedi. Səfir Dan İanku Azərbaycanı Şərq ilə Qərbin, Cənubla Şimalın yolayrıcında yerləşən, zəngin və qədim tarixi və mədəniyyəti olan bir ölkə kimi xarakterizə etdi. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Dan İankuya uğurlar arzuladı, onun Azərbaycanda fəaliyyəti müddətində insanlarla görüşmək, ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaranacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda mədəni müxtəliflik, multikulturalizm kimi məsələlər üzərində fəal iş aparıldığını dedi.

Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

***

Səfir Yusif bin Həsən əl-Sai Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dövlətbaşçısına, Azərbaycan xalqına və hökumətinə salamlarını çatdırdı. Qətərin Azərbaycana dost ölkə olduğunu qeyd edən səfir Prezident İlham Əliyevin dəstəyi ilə ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında dost və qardaş münasibətlərinin olduğunu vurğuladı. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlayan Prezident İlham Əliyev keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını məmnunluqla qeyd etdi. Qətər Dövlətinin Əmiri ilə bir sıra beynəlxalq forumlar çərçivəsində də görüşdüklərini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlər, həmçinin regional məsələlər ətrafında aparılan fikir mübadiləsinin önəmini vurğuladı.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin bir sıra sahələrdə, xüsusən kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malik olduğu bildirildi, bu istiqamətdə səylərin artırılmasının vacibliyi diqqətə çatdırıldı.

Prezident İlham Əliyev Əmir Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

sefir-iransefir-qeter

Etikxeber.az

Read Previous

DİN – Mağaza sahibini ruhi xəstə öldürüb

Read Next

Xəzər dənizində zəlzələ olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir