Əliyev İzoriaya dedi: Status-kvonun dəyişilməsi münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az-ın məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.

***

İlk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirdi ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Levan İzoria ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Gürcüstanın müdafiə nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən Prezident İlham Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd etdi ki, Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir. Prezident İlham Əliyev ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Etikxeber.az

Read Previous

Millət vəkili: “Ötən illərdəki kimi dövlət bütün sosial öhdəliklərini yerinə yetirə biləcək”

Read Next

Milli Məclis büdcə zərfini qəbul etdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir