“Qızınız bizdə olub, bizim xalqda çox yaxşı təəssürat doğurub…” – JEENBEKOV ƏLİEVLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

jeenbekov-ilya-kirqiz

İlham Əliyev oktyabrın 14-də  həmçinin, Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşdü.

***

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Sizi Azərbaycan torpağında salamlamağa şadam. Biz Sizinlə artıq bir neçə gün əvvəl MDB Sammiti çərçivəsində görüşmüşük. Bu gün biz Sizi Azərbaycanda qəbul edirik. Çox şadam ki, Siz bizə səfər etmisiniz.

Biz sabah sammit keçirəcəyik, amma bu gün görüşüb bizim ikitərəfli münasibətlərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan var. Biz Sizinlə bu məsələləri artıq keçən il Qırğızıstanın Türk Şurasına üzv olan dövlətlərin başçılarının Samitini qəbul edərkən müzakirə etmişik. Həmin vaxt biz Sizinlə ikitərəfli məsələlərin geniş spektrini müzakirə etdik. Xatırlayıram ki, söhbət çox məhsuldar idi. Bu gün biz dialoqumuzu davam etdiririk. Əminəm ki, bugünkü görüş çərçivəsində biz gələcək qarşılıqlı fəaliyyətin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də digər sahələrdə vacib məsələlərini müzakirə edəcəyik.

Bizim üçün Qırğızıstan qardaş ölkədir, yaxşı dost, tərəfdaşdır. Əminəm ki, əlaqələrimiz gələcəkdə yalnız möhkəmlənəcək. Həmçinin fürsətdən istifadə edərək, Sizə Türk Şurasına səmərəli sədrliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycan estafeti Qırğızıstandan qəbul edir. Görülən belə yaxşı işlər üzərində biz gələn il ərzində ölkələrimiz arasında həmrəyliyi, qarşılıqlı dəstəyi möhkəmləndirməyə, həmçinin əməkdaşlığımızı real məzmunla zənginləşdirməyə səy göstərəcəyik. Əminəm ki, səfəriniz çox məhsuldar, uğurlu olacaq, bir qədər Azərbaycanla tanış olacaqsınız.

Qırğızıstan Prezidenti Sooronbay JEENBEKOV dedi:

-Biz böyük məmnuniyyətlə Sizinlə Bakı şəhərində Türk Şurasının VII Sammiti çərçivəsində görüşürük. Bu, yubiley tarixi hadisədir. Biz əminik ki, sammit çox yüksək səviyyədə keçəcək.

Mən Sizin siyasi iradəniz sayəsində bu yaxınlarda Hökumətlərarası Komissiyanın iclasının uğurla baş tutduğunu xüsusilə qeyd etmək istəyirəm. Siz tərəfdən orada Baş Nazirin birinci müavini iştirak edib. Mən də Baş Nazirin birinci müavini Yaqub Abdulla oğlunu qəbul etdim. Çox maraqlı, təcrübəli, etibarlı insandır. Biz onunla bir çox məsələləri uzun müddət müzakirə etdik. Əminəm ki, bu iclas bizim ikitərəfli münasibətlərimizə, xüsusilə ticari-iqtisadi sahədə münasibətlərimizə yeni impuls verəcək.

Bu yaxınlarda Sizin qızınız Leyla Əliyeva bizdə olub. O, bizim xalqda çox yaxşı təəssürat doğurub. O, Olimpiya Komitəsi rəhbərlərinin forumunda iştirak edib. O, mənə şeirlər toplusu kitabını hədiyyə edib və İssık-Kul haqqında şeir yazıb. O, səmimi və istedadlı qızdır. Allah cansağlığı versin.

Sizin bildiyiniz kimi, biz də ikitərəfli münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. Sizin dediyiniz kimi, biz qardaş, dost ölkələrik. Biz həmişə münasibətlərimizi dəyərləndirir və qiymətləndiririk. Həmişə münasibətlərimizin inamla, fəal və qarşılıqlı maraqlar əsasında inkişaf etməsinə çalışırıq. Bir daha səmimi qəbula və hava limanında dostlarımızın göstərdikləri qonaqpərvərliyə görə sağ olun. Biz orada dost azərbaycanlıların səmimiyyətini hiss etdik. Çox sağ olun.

Görüşdə bu yaxınlarda Bişkekdə hökumətlərarası komissiyanın iclasının keçirildiyi qeyd edildi. Söhbət zamanı iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

***

Prezident İlham ƏLİYEV dedi:

-Sizi Azərbaycanda görməyimə çox şadam. Çox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim söhbətlərimizi, həmçinin Avropa İttifaqının tədbirləri çərçivəsində görüşlərimizi xatırlayıram. Sevindirici haldır ki, Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Əminəm ki, bu səfərdən sonra biz tərəfdaşlığımıza yeni təkan verəcəyik.

Macarıstanın Baş Naziri Viktor ORBAN dedi:

-Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdir. Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır. Biz bunu yüksək qiymətləndiririk.

Diplomatik əməkdaşlığımız çox yaxşıdır, biz bunu belə söyləyə bilərik. İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmalıyıq. Bizim artıq burada yaxşı sərmayə qoyuluşlarımız, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidvericidir. Bizi burada qəbul etməyinizi və Macarıstana münasibətdə xoşməramlı və xoşniyyətli olmağınızı yüksək qiymətləndiririk.

Prezident İlham Əliyev: Çox sağ olun.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macarıstanın göstərdiyi dəstək yüksək qiymətləndirildi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Ərdoğan gəldi və ƏLİYEVLƏ GÖRÜŞDÜ – FOTO – YENİLƏNİB- (3)

Read Next

“Azərbaycanlı icması”ndan ABŞ Konqresinin Nümayəndələr Palatasına – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir