Əliyev “Majestic Palace” otelində və “Gəncə Mall” Ticarət Mərkəzində oldu – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” otelinin tikintisi ilə tanış oldu.

Etikxeber.az xəbər verir ki, dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verildi.

Bildirildi ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub.

Bu cür müasir otelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verildi.

***

Həmçinin, İlham Əliyev  “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu.

Dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Mall”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Qeyd edildi ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Dövlət başçısı ticarət mərkəzindəki “Bravo” supermarketində şirniyyatın dadına baxdı.

“Gəncə Mall” Ticarət Mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, bu layihənin icrası həm də Gəncə şəhərinin görkəminin müasirləşməsinə böyük dərəcədə töhfə verir.

Etikxeber.az

Read Previous

Prezident Gəncədədir – FOTO

Read Next

Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı oldu: Prezident açılışda iştirak etdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir