Murnietse: “Ecazkarlıq verir…”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycanın və Latviyanın parlament nümayəndələrinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini deyən dövlət başçısı iki ölkə arasında bütün sahələrdə yaxın münasibətlərin olmasının vacibliyini vurğuladı. Ölkəmizin ikitərəfli əlaqələrin daha da mökəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan İnara Murnietsenin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etdi.

Azərbaycana ilk dəfə 12 il əvvəl səfər etdiyini deyən İnara Murnietse ölkəmiz haqqında çox gözəl xatirələrinin olduğunu bildirdi. O vaxtdan ötən dövr ərzində Azərbaycanda çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Latviya Seyminin sədri bu nailiyyətlərin əldə edilməsində ölkə rəhbərliyinin vacib rol oynadığını vurğuladı. Paytaxtımızın çox müasir şəhər olduğunu deyən qonaq Bakının milli və tarixi ənənələrlə yanaşı, müasir arxitekturanı özündə birləşdirməsinin şəhərə xüsusi ecazkarlıq verdiyini dedi. Azərbaycanda savadlılığın yüksək səviyyədə olduğunu deyən Latviya Seyminin sədri ölkəsində də təhsilə böyük önəm verildiyini bildirdi. Azərbaycanın xeyriyyəçilik sahəsində gördüyü işlərə toxunan İnara Murnietse bu istiqamətdə birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Latviyada da tarixi memarlığın, mədəniyyətin və milli irsin qorunub saxlanması istiqamətində çox işlər görüldüyünü, Riqaya son səfərində bunun şahidi olduğunu qeyd etdi. Hər iki ölkənin paytaxt şəhərlərində yerləşən “İçərişəhər”in ölkələrimizin qürur mənbəyi olduğunu deyən dövlətimizin başçısı bunu, qədim tarixin və milli ənənələrin bariz nümunəsi kimi dəyərləndirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Bu cür addımlar artıq unudulmaqda olan sənətləri də yenidən dirçəldəcək” – Yadigar Cəfərli

Read Next

“İnformasiya mübadiləsi aparmağımız transmilli media orqanlarının manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynayar”- VÜSALƏ MAHİRQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir