Əliyevdən Ərdoğanla Yıldırıma bayram təbriki

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyənin Respublika günü ilə bağlı təbrik məktub göndərib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına, dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə birlikdə yaşadı.

Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Eyni zamanda, Prezident Türkiyənin baş naziri Binəli Yıldırıma da təbrik məktubu unvanlayıb:

“Hörmətli cənab Baş nazir,

Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə bu gün özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Dövlətçiliyinə qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxması Türkiyənin bir dövlət kimi qüdrətini, eləcə də ölkədəki sarsılmaz dövlət-xalq vəhdətini bir daha əyani şəkildə nümayiş etdirdi.

Azərbaycanla Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri, ortaq mənəvi dəyərlər və həmrəylik birləşdirir. İnanıram ki, ölkələrimizin birliyi və müttəfiqliyi bundan sonra da xalqlarımızın rifahına, qarşıya qoyduğumuz vəzifələrin həllinə, beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimizin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və rifah arzulayıram”.

binali-ve-ilham

Etikxeber.az

Read Previous

Oktyabrın 31-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

Gürcüstan Azərbaycan investisiyası üçün tam açıqdır – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir