“Qarabağ – Azərbaycandır. Və nida işarəsi” – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü oldu.

Etikxeber.az xəbər verir ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş oldu.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

Bu dəfə biz Soçidə beynəlxalq siyasi diskussiya klubu çərçivəsində görüşürük. Tədbir ilk dəfə Valdayda keçirildiyinə görə biz onu “Valday klubu” adlandırırıq.

Görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir.

Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz.

Bu gün buraya gəldiyinizə görə çox sağ olun.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm.

Sizin qeyd etdiyiniz kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq.

Dəvət üçün bir daha sağ olun.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrində əməkdaşlıq barədə müzakirələr aparıldı.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təkbətək söhbət etdilər.

***

Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söylədi.

***

Qeyd edək ki, İlham Əliyev  həmçinin, Soçidə Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarının müxbirlərinin suallarını cavablandırdı.

soçi

soçi-2

soçi-1

***

“Qarabağ – Azərbaycandır. Və nida işarəsi”.

Bu sözləri isə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında çıxışı zamanı İlham Əliyev dedi.

Prezident çıxışında sonra  bildirdi:

“Daimi müzakirə mövzularından biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qeyd etməliyəm ki, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır.

 Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Deyim ki, münaqişə ilə əlaqədar kifayət qədər geniş fikirlər mövcuddur, əksər hallarda onlar reallığı əks etdirmir.

Beləliklə, aydınlaşdırmaq üçün deməliyəm ki, 1921-ci ildə Koordinasiya bürosunun qərarı sözün həqiqi mənasında Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət idi, ermənilərin dediyi kimi, kiməsə ötürməkdən yox.

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.

Başqa sözlərlə desək, etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir.

Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üz-üzə gəldi. Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox əhalisi və Ermənistan ərazisində yaşayan  250 min azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. 

BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edib ki, onlar da 25 ildən artıqdır yerinə yetirilmirlər.

Burada vacib bir məsələyə – verilən qərarların icrasına gəlirik. BMT Təhlükəsizlik Şurası ən yüksək beynəlxalq orqandır. 25 ildən çoxdur ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, bu qurumun səmərəliliyi ilə bağlı çoxlu sual doğur. Qətnamələrin icrasının seçmə mahiyyəti Azərbaycanı narahat edir. Bəzən onlar gün ərzində həyata keçirilir, bəzən müəyyən hərbi əməliyyatlar üçün ümumiyyətlə tələb olunmur. Bizim vəziyyətimizdə qətnamələr kağız üzərində qalır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Qeyd edim ki, son vaxtlar Ermənistanın Baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalqı” üçün məqbul olmalıdır. Deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil”.

***

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırdılar.

Etikxeber.az

Read Previous

“Döyüş davam edir!” – POLİTOLOQDAN LÜKSEMBURQDA YAŞANAN ERMƏNİ TƏXRİBATINA REAKSİYA

Read Next

“Qarabağ”dan möhtəşəm qələbə – 4:1 – NÖVBƏTİ ERMƏNİ TƏXRİBATI – YENİLƏNİB – (12)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir