Əmək və sosial siyasət komitəsi-İKİ İCTİMAİ DİNLƏMƏ KEÇİRƏCƏK, TURİZMLƏ BAĞLI YENİ QANUN OLACAQ, İLHAM MƏMMƏDOV ƏLİLLİYİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNDƏN ŞİKAYƏTLƏNDİ, VÜQAR BAYRAMOVA QANUN LAYİHƏSİ ÜZƏRİNDƏ İŞLƏMƏK TAPŞIRILDI…-YENİLƏNİB – (4)

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin 6-cı çağırış parlamentdə ilk iclası olacaq.

Etikxeber.az-ın məlumatına görə, bu gün saat 12:00-da komitənin yeni sədri Musa Quliyevin rəhbərliyi ilə keçiriləcək iclasın gündəliyinə üç məsələ daxil edilib.

Birinci məsələ komitənin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, ikinci məsələ “Turizm haqqında” qanuna dəyişiklik, 3-cü məsələ isə Azərbaycanla Bolqarıstan Hökuməti arasında Sazişin təsdiqlənməsi məsələsidir.

Qeyd edək ki, qanunvericilik işləri planına azı 3 məsələnin daxil edilməsi gözlənilir.

Bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər barədə, eləcə də, tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icra vəziyyəti ilə bağlı ictimai dinləmənin keçirilməsi, həmçinin, “Turizm haqqında” yeni qanunvericiliyin hazırlanması məsələsidir.

“Turizm haqqında” mövcud qanuna təkilf olunan dəyişikliklər isə bunlardır:

Belə ki, Azərbaycanda turistlərə yardım mərkəzlərinin yaradılması təklif olunur.

Yardım mərkəzləri turistlər üçün dövlət qurumlarının əlçatanlığını təmin etmək, onların dövlət orqanlarına müraciətlərini asanlaşdırmaq məqsədi daşıyır.

Həmçinin, Azərbaycanda mehmanxanalar üçün ulduzlaşmanın məcburi olması təklif edilir. 

Yəni, “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşma məcburi olacaq. 

Eyni zamanda, Azərbaycana gələn turistlərin həyat və sağlamlıqlarının sığortalanması təklif olunur.

Dəyişiklik layihəsində turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin qarşısının alınması və ya problemlərin effektiv şəkildə aradan qaldırılması məqsədilə turistlərin hüquq və vəzifələri, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri də əksini tapıb. 

Bununla yanaşı, Azərbaycanda turizm bələdçiləri üçün yeni tələb müəyyənləşir.

Bundan başqa, Azərbaycanda Milli Turizm Strategiyası hazırlanması nəzərdə tutulur. 

“Turizm haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, turizm sahəsinin inkişafının planlı şəkildə həyata keçirilməsi üçün vahid strateji sənəd – Milli Turizm Strategiyası sənədi hazırlanacaq və mütəmadi yenilənəcək. 

Əmək və sosial siyasət komitəsinin üzvləri-SİYAHI:

Vüqar Bayramov, Əziz Ələkbərov, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə.

***

Əmək və sosial siyasət komitəsinin iclası başlayıb.

İclasa M. Quliyev sədrlik edir.

O, bildirib ki, “Turizm haqqında” yeni qanun layihəsinin hazırlıqlarının davam etdirilməsi və müzakirələrə çıxarılması nəzərdə tutulur.

Qanun layihəsi üzərində MM-in iki komitəsi işləri birlikdə davam etdirəcək.

Həmçinin, bu sessiya ərzində iki dinləmə keçiriləcək.

Bunlardan biri əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər barədə, digəri isə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmədir.

Komitə sədri bildirib ki, birinci ictimai dinləmə aprel ayında keçiriləcək.

“İnşallah, koronavirusla bağlı vəziyyət sabitləşəndən sonra bu dinləməni müvafiq qurumların, QHT-lərin iştirakı ilə keçirəcəyik. Həmçinin, tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur ki, bunu da reallaşdıra biləcəyik”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

***

Komitənin üzvü, professor Jalə Əliyeva ünvanlı sosal yardımın verilməsi və işçilərlə əmək müqavilələrinin imzalanması məsələsinə toxunub.

O, hər iki məsələdə hələ də bir sıra problemlərin olduğunu, insanları narahat etdiyini və həmin narahatlıq doğuran məqamların aradan qaldırılmasnın vacibliyini bildirib.

Komitə sədri də millət vəkilinin fikirləri ilə razılaşdığını deyib.

***

Millət vəkili İlham Məmmədov bildirib ki, əlilliyin verilməsi və müəyyən edilməsi məsələsində xeyli ciddi məsələlər və anlaşılmazlar var:

“Burada həddindən artıq ciddi və narahatçılıq doğuran məsələlər var. Hesab edirəm ki, bu məsələnin ciddiliyi nəzərə alınaraq, Səhiyyə, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirkliklərinin iştirakı ilə birgən ictimai dinləmə keçirilməlidir. Hesab edirəm ki, bu yöndə ictimai dinləməyə çox ciddi ehtiyac var”.

Komitə sədri M. Quliyev də bu məsələnin ciddi və aktual məsələ olduğunu deyib.

Həmçinin, bildirib ki, əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları üzrərində müvafiq qurumlarda işlər gedir:

“Bu yöndə işlər davam etdirilir, tələsmək lazım deyil, ilin ikinci yarsında, payız sessiyasında kokret şəkildə bu məsələyə qayıtmaq olar”.

***

Yeni millət vəkili Vüqar Bayramov çıxışında “Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər və əlavələrin olunmasını təklif edib.

Bildirib ki, bu qanunun yeniləşdirilməsi vacibdir.

Sonra “Məcburi köçkünlərin statusu ilə bağlı bir sıra çətinliklər var”-deyən millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin bu kateqoriyadan olan şəxslərə xüsusi diqqəti var: “Bundan əlavə, məcburi köçkünlərin kompensasiyası ilə bağlı da müəyyən problemlər mövcuddur. Hesab edirəm ki, bununla bağlı məsələyə yenidən baxılmalıdır”.

Deputat həmçinin qeyd edib ki, “Gəlirlərin deklorasiyası haqqında” qanunun qəbul olunması zəruridir. 

O, eyni zamanda bildirib ki, bu komitəyə üzv olması həm də M. Quliyevlə əlaqədardır:

“Musa müəllim, bu komitəyə üzv olmağım həm də Sizin sədrliyinizlə bağlıdır”.

M. Quliyev də buna görə millət vəkilinə minnətdarlığını bildirib:

“Mən də Sizi minnətdarlığımı bildirirəm, mənim də Sizə komplimentim olacaq. İstəyirəm ki, elə özünüz bu qanunu götürərdiniz, təhlil, monitorinq edərdiniz və təkliflərinizi verərdiniz. Ümumiyyətlə, komitə üzvlərindən xahişim odur ki, hərəsi bir qanunu götürsün və onun üzrərində işləsin. Bu, çox yaxşı olardı”.

***

“Məcburi köçkünlərin statusu ilə bağlı məsələyə yenidən baxılmalıdır”.

Bunu isə deputat Əziz Ələkbərov deyib.

Millət vəkili bildirib ki, məcburi köçkünlərin məsələləri ilə bağlı çox böyük problemlər var:

“Bu məsələ bizim əsas diqqət mərkəzində olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkilləri sabah yenidən-TOPLAŞACAQ – 3-CÜ PLENAR İCLAS KEÇİRİLƏCƏK – YENİLƏNİB

Read Next

“BƏZİ ŞOU APARICLARI ÖZLƏRİNİ SƏHİYYƏ NAZİRİ KİMİ APARIRLAR…” – Musa Urud

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir