Əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir – SPİKER – FOTO

Milli Məclisin sədri  Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, spiker qeyd edib ki, səfər çərçivəsində qonaqların Rus Mədəniyyət Mərkəzinin açılışında, “Rus İcması – Yeni Azərbaycanın xalqları ailəsində 25 il” mövzusunda keçiriləcək konfransda iştirakları əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək.
Parlamentin sədri Azərbaycanla Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirib ki, ölkə başçılarının qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb.

Milli Məclislə Rusiya Federal Şurası və Dövlət Duması arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən spiker Rusiyanın subyektlərinin qanunvericilik orqanları ilə də münasibətlərdə bu dinamikanın saxlanıldığını söyləyib və qeyd edib ki, son dövrdə bu ölkənin subyektləri ilə humanitar, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir.

Azərbaycanla Sankt-Peterburq arasında münasibətlərin möhkəm tarixi zəmin üzərində qurulduğunu bildirən O. Əsədov bu gün də humanitar, elm, təhsil, mədəni sahələrdə əlaqələrimizin daha da dərinləşməsini təqdirəlayiq hesab edib.

Bildirib ki, azərbaycanlı deputatlar tez-tez bu şəhərdə səfərlərdə olur, MDB PA-nın iclaslarında fəal iştirak edirlər:

“Nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir”.

O, Azərbaycanda böyük rus icmasının mövcudluğu barədə danışaraq, ölkədə rusdilli təhsil ocaqlarının fəaliyyət göstərdiyini, rusdilli mətbu nəşrlərin geniş oxucu kütləsi olduğunu deyib və bildirib ki, ölkəmizdə yaşayan ruslar digər ölkə vətəndaşları kimi Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə edirlər.

Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov isə bildirib ki, Sankt-Peterburq və onun qanunvericilik orqanı Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir:

“Tarixən Nevanın sahilindəki bu şəhərlə Azərbaycan arasında həyatın müxtəlif sahələrində sıx əlaqələr mövcud olub. Münasibətlərimizin bugünkü inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sabiq nazirin qohumu icra başçısı vəzifəsindən çıxarıldı – SƏRƏNCAM

Read Next

Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir