“Əraf mühitin mühafizəsi hökumətin vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, gənclərin bu prosesdə iştirakı zəruridir”- LEYLA ƏLİYEVA

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.

Etikxeber.az-ın məlumatına görə, “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya sədrlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və təbiəti barədə məlumat verərək ölkəmizin Şərq ilə Qərbin qovuşuğunda, tarixi İpək yolunun üstündə yerləşdiyini vurğulayıb və bu amilin Azərbaycanda zəngin mədəniyyətin formalaşmasına təsir etdiyini bildirib.

L. Əliyeva bildirib ki, ətraf mühitin mühafizəsi hökumətin başlıca vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, xüsusilə də gənclərin bu prosesdə iştirakı zəruridir. O, 2011-ci ildə təsis olunan IDEA İctimai Birliyinin fəaliyyəti və nailiyyətləri, o cümlədən gənclərin maarifləndirilməsi, təşkilatın layihəsi çərçivəsində ölkədə 5 milyondan artıq ağac əkilməsi, biomüxtəlifliyin mühafizəsi üzrə görülmüş tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, IDEA-nın “Bir planet – bir gələcək” şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaşayan gəncləri təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri təbiətin itkilərinin artıq aylarla, illərlə deyil, dəqiqələrlə ölçüldüyünü diqqətə çəkib və insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin məhvi barədə danışıb. O, xoşməramlı səfiri olduğu FAO-nun “Sıfır Aclıq” təşəbbüsündən də söhbət açıb. Qeyd edib ki, artıq qlobal problemə çevrilən yoxsulluq və aclığın aradan qaldırılması, xüsusilə də uşaqların qida çatışmazlığı və susuzluqdan əziyyət çəkməməsi üçün bütün dövlətlərin birgə səy göstərməsi zəruridir.

L. Əliyeva gələcək nəsillərdən ötrü yaşıl və təhlükəsiz planetin təmin edilməsi üçün hər kəsi təbii resurslardan səmərəli istifadə etməyə və təbiətə qarşı qayğıkeş olmağa çağırıb.

Etikxeber.az

Read Previous

Ziyafət Əsgərov: “Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur”

Read Next

Heydər Əliyev Sarayında “Mənim dünyam” adlı konsert düzənləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir