Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma-MƏRASİMİ… – FOTOLAR – YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

18:03

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.

Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.

Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğanın-TƏKBƏTƏK GÖRÜŞÜ – FOTOLAR

Read Next

“Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir