“1 sentyabrın xatırlatdıqları…”-DEPUTAT YAZDI

( Bağışla sən məni , ay ana kəndim )

…Durnalar bu obanın üzərindən yenə bir daha köç etmiş, qaranquşlar evlərin eyvanında bala çıxararaq onları uçurtmuş, sığırçınlar hay-küylü dəstələri ilə çəkilib getmiş, leyləklərin elektrik dirəklərinin üzərində qurduqları çöp yuvaları boş qalmışdı.

Otlar, zəmi yerləri ucsuz-bucaqsız səhra kimi sarala qalmış, dağ çayları qurumuşdu. Sanki bütün bunlardan kədərlənən təbiət qaş-qabaqlı olmuş, günəş də bu cansıxıcı mənzərədən bezərək öz ilıq şüalarını buludların arxasında gizlətmişdi.

Beləcə bu obaya payız qədəm qoymuş, yazdakı coşqunluq və nəşədən əsər-əlamət qalmasışdı. Təsərrüfat işləri başa çatdırılmış, hər evin yanında qışda heyvanları bəsləmək üçün kiçik ot tayaları yığılmışdı. Bu sakitliyi arabir boz sərçələrin şikayətçi civiltiləri pozur, onlar dəstə-dəstə bir yerdən başqa bir yerə uçmaqla dən axtarır, uzun və qarlı qışı başa vurmaq təlaşı ilə cikkildəşirdilər.

Təbiətin bu hüzünlü görkəmi həmişə Oktarı kövrəldir , qəlbində izaholunmaz duyğular oyadırdı…Elə bu munis düşüncələr içərisində də Oktar məktəbin həyətinə gəlib çatdı. Məktəbdən yeni rənglənmiş partaların boya iyi və təzə nəşr edilmiş kitab qoxusu gəlirdi. Bu qoxunu doya-doya ciyərlərinə çəkdi. Bir anlığa bu qoxu ilə ilk dəfə tanış olduğu birinci sinfə gəldiyi gün yadına düşdü. Cılız və balacaboylu bir uşaq idi.

Çiyinlərindən arxasına doğru sallanan çanta kitabların ağırlığından onu geriyə doğru dartırdı. Əlində isə… yadına düşəndə hələ də alnında tər düyünlənməsinə səbəb olan bir yağ yaxması var idi. Yaxmadan onu məktəbə yola salan anasının israrlı təkidi ilə yalnız bir dişlək almışdı. Sonra isə nə onu yeyə bilmiş, nə də atmağa cəsarət etmişdi. Elə bu cür cəsarətsiz, sadəlövh və məsum vəziyyətdə də məktəbin qabağında müəllimləri ilə qarşılaşmışdı.

Onun bu halı müəllimlərdə bir qəh-qəhəli gülüşə səbəb olsa da, sonradan dərhal ani səhvə yol verdiklərini başa düşmüş Oktarı pərt etməmək üçün özlərini elə aparmışdılar ki, guya tamamilə başqa bir şeyə gülürlərmiş. Ancaq Oktar kifayət qədər həssas uşaq idi və onların nəyə güldüyünü başa düşmüşdü. Elə alnında və gicgahlarında soyuq tər düyünlənməsi hadisəsi də ilk dəfə o vaxt baş vermişdi.

Ancaq bu hadisə çoxdan, lap çoxdan baş vermişdi. İndi bəzən Oktar özü belə o hadisəyə ürəkdən gülür, o vaxt ağladığına və pərtliyinə görə, hətta özünü məzəmmət belə edə bilirdi. İllər içərisində bu hadisə həm müəllimlər, həm də Oktarın özü tərəfindən unudulmuşdu.

Ancaq ötən il doqquzuncu sinifdə oxuyarkən gözəl bir yaz günündə təsadüfən paralel sinifdə oxuyan Selcanla üz-üzə gəlmələri və baxışlarının toqquşması Oktarın gicgahlarında və alnında yenidən soyuq tər dənəciklərinin yaranmasına səbəb olmuşdu, Üstəlik, bu azmış kimi Oktarın ürəyi şiddətlə döyünməyə başlamış, nəbzi gicgahlarını zoqquldatmışdı. Əgər o zaman özünü toplayıb dərindən bir nəfəs almasaydı , bəlkə də ürəyi dayanacaqdı.

Elə o dərin nəfəslə də Oktar həyatın və hisslərin nə qədər dərin olduğunu fərq etmiş hər şey onun üçün yeni məzmun kəsb etməyə başlamışdı…

Bir də Oktar fərq etmişdi ki, o nə qədər böyüsə də, daxilindəki o məsum və səmimi uşaq əsla böyüməyib və yəqin ki, elə heç böyüməyəcəkdi də…

Hikmət BABAOĞLU,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır?”-XİN-DƏN ETİRAZ

Read Next

Quba-Qonaqkənd avtomobil yolunun tikintisi üçün 22 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir