100 ilin Parlamentindən…100 yaşadək! – KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün Milli Məclisin (MM) ölkə prezidenti İlham Əliyevin, millət vəkillərinin, dövlət və hökumət rəsmilərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuların təmsilçilərinin, o cümlədən, dünyanın 40-dan ölkəsinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı ilə xüsusi və təntənəli iclası keçiriləcək.

O iclas ki, düz yüz il öncə Cümhuriyyət qurucularımız, babalarımız, öndərlərimiz tərəfindən əsası qoyulan Azərbaycan parlamentarizminin tarixi 100 illik yubileyinə həsr olunacaq. O iclas ki, Şərq-Müsəlman (hətta, bəzi qabaqcıl Avropa ölkələrindən öncə belə təsis edilən) aləmində ilk olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamanetinin 100 illik tarixinə işıq salınacaq.

O iclas ki, yenə Şərq-Müsəlman dünyasında, bu gün yeni-müstəqil dövlətlərə az qala parlamentarizm tarixini öyrətməyə cəhd edən ölkələri belə qabaqlayaraq, qadınlara seçib-seçilmək hüququnu ilk tanıyan Azərbaycan Parlamentinin 100 illik ömür yoluna nəzər salınacaq…

AZ-can PARLAMENTI

AZ-can Parlamenti-1

***
Qeyd edək ki, bir əsrə yaxın tərkibində yaşadığı Çar Rusiyası dağıldıqdan, şər imperiyalarından biri çökdükdən sonra Zaqafqaziya seymindən başlanan ictimai-siyasi, tarixi dəyişikliklər demokratiya və müstəqillik uğrunda gedən mübarizə və mücadilələrin məntiqi sonluğu olaraq müstəqil Azərbaycan dövlətini tarixin təkzibolunmaz faktı kimi təsdiq etdi. Özü özlüyündə Azərbaycan xalqının əldə etdiyi nailiyyət olmaqla ,AXC-nin qurulması bütövlükdə Müsəlman- Şərq aləminin həyatında respublika ideyasına əsaslanan düşüncə və idarə üsulunu gətirmək, milli azadlıq və müstəmləkədən xilas olmaq üçün bir örnək rolunda çıxış etdi.Yaxın-uzaq dövlətlərlə aparılan sülhsevər siyasət, qarşılıqlı əməkdaşlığa və bir-birlərinin hüquqlarına hörmətə əsaslanan əlaqələr nəticəsində dünya birliyi tərəfindən tanınması və qəbul olunması AXC-ni qısa müddətdə beynəlxalq hüququn subyektinə çevirdi.

Parlamentli respublika üsuli-idarəsinin seçilməsi isə Azərbaycan-Türk şüurunda və həyat tərzində min illərlə mövcud olmuş məşvərət mədəniyyətinin qədim dövlətçilik ənənəsindən müasir demokratik dövlət quruculuğu prosesinin əsas prinsipi kimi təsdiq etməklə müstəqil Azərbaycan dövləti ilə sivil dünya arasında etibarlı əlaqələrin əsas istinadgahı kimi böyük rol oynadı.1918-ci il mayın 27-də özünü Azərbaycan Milli Şurası elan etmiş AXC qurucuları istər Milli Şura, istərsə də Xalq Müvəqqəti hökuməti çərçivəsində fəaliyyətləri zamanı ölkə həyatı üçün çox vacib addımlar atdılar. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi. Qısa müddətdə ölkənin ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməli olacaq o zamankı dövr üçün yüksək döyüş qabiliyyətli ordu hissələri yaradıldı. Azərbaycanın dövlət dili, təhsili, mədəni yüksəlişi, iqtisadiyyatı və kənd təsərrüfatı sahəsinin inkişafı üçün əhəmiyyətli qanunlar qəbul edildi.

Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi uğrundakı səylər öz səmərəsini verdi. Daşnak, eser, menşevik və s. qüvvələrdən ibarət Sentro Kaspi diktaturası da Bakı Soveti kimi Qafqaz İslam Ordusunun hücumlarına tab gətirməyərək süquta uğradı. Bakı şəhəri 1918-ci il sentyabrın 15-də azad edildikdən sonra Azərbaycan hökuməti əvvəl Tiflis, daha sonra isə Gəncə dövrü fəaliyyətini daha geniş şəkildə davam etdirmək üçün paytaxt Bakıya köçdü.Milli Şuranın paytaxtda fəaliyyətini bərpa etməsindən sonra isə əsas diqqət Cümhuriyyət Parlamentinin yaradılması prosesinə yönəldildi. Bir sıra vacib tədbirlər həyata keçirildi, hüquqi çərçivələri müəyyən edən əhəmiyyətli sənədlər, xüsusilə Azərbaycan Parlamentinin təşkili haqqında qanun layihəsi üzərində iş başa çatmaqla Parlamentin formalaşmasına başlanıldı. İlk iclas 1918-ci il dekabrın 7-də keçirildi.

Çoxpartiyalı əsasda çağırılan Parlamentin işi xüsusi olaraq hazırlanmış nizamnaməyə əsasən demokratik prinsiplərə uyğun şəkildə qurulurdu. Qanunlar bir qayda olaraq geniş müzakirə və işgüzar fikir mübadiləsi əsasında aparılmaqla 3 oxunuşda qəbul olunurdu. 1918-ci ilin dekabrın 7-dən ta ki, 1920-ci ilin aprel ayının 27-dək, Azərbaycanın yenidən və daha qorxulu bir şər imperiyasının-sovetlərin ilhaqına, işğalınadək Azərbayan Parlamentinin145 iclas keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirə olunmuş, 230-u qəbul olunmuşdu.
Çox çətin və mürəkkəb bir bölgədə, eləcə də bu region və onun sərvətləri uğrunda gedən ziddiyyətli mübarizələr fonunda AXC hökuməti və xüsusilə Parlamenti qarşısına qoyduğu hədəflərə çatmaq üçün ölüm-dirim savaşına girmişdi.

Bu savaş ilk növbədə müasir, dünyəvi, demokratik düşüncə ilə yoxdan bir dövlət qurmaq istəyən öncüllərlə öz həyatını bu ideyaların reallaşması naminə dəyişmək iqtidarında olmayan kəsimin, yəni əhalinin vətəndaşa çevrilməsi prosesinə hazır olmayanların arasında gedirdi.Cənubi Qafqaz regionunda kəskinləşən daxili ziddiyyətlər, erməni silahlı dəstələrinin mülki azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, bunun ardınca Erməni Milli Şurasının müraciətinə əsasən İrəvanın güzəştə gedilməsindən sonra sülh əldə ediləcəyinə olan ümidlərin puça çıxması, daxili ziddiyyətlərlə bərabər xarici təcavüzkar həmlələrə də davam gətirmək getdikcə çətinləşirdi.
Bolşevik Rusiyasının yeritdiyi siyasətin əsas məqsədi isə, əlbəttə ki, əvvəlki sərhədlərini bərpa etmək, Milli hökumətləri süquta uğratmaq idi. Ağır, üzücü müharibə Qarabağ ətrafında davam edən əsassız ərazi iddialarının körüklənməsi hesabına gənc müstəqil respublikanı taqətdən salmış, müdafiə və təhlükəsizlik sahəsindəki imkanlarını heçə endirmişdi.Cəmi 23 aylıq ömrü olsa da, bolşevik Rusiyasının təcavüzünə məruz qalaraq 1920-ci il aprelin 28-də işğal edilən Azərbaycan milli dövlətinin milyonların şüurunda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

Sovet Rusiyasının XI Qızıl Ordu dəstələrinin müdaxiləsi və qanlı əməliyyatları nəticəsində çökdürülən AXC Parlamenti də fəaliyyətini dayandırdı. Birinci Respublika və onun Parlamenti tarixin qapalı səhifələrinə, istiqlal məfkurəsi isə müstəqil dövlət arzusunu reallaşdırmağı özünə amal seçmiş insanların qəlblərinə və düşüncələrinə köçdü. Azərbaycanda bütün hakimiyyət inqilab komitəsinə keçdi. Əlbəttə ki, bütün qərarlar və göstərişlər real hakimiyyət orqanı olan K(B)P-ın yerli orqanı Azərbaycan K(B)P Mərkəzi Komitəsi tərəfindən verilirdi və onun iradəsindən kənarda heç nə baş verə bilməzdi. Bolşeviklərin imperiyanı yeni forma və məzmunda bərpa etməsinə yönəlmiş məqsədlərini ört-basdır etməyə və xarici dəstəyi qazanmaq məqsədlərinə xidmət edirdi. Məhz elə buna görə də qısa müddətdə hakimiyyətin guya xalqa məxsus olduğunu göstərmək üçün nümayəndəli hakimiyyət orqanlarının yaradılmasına start verildi. Bu proses zamanı isə əhalinin əsasən müsəlman olmayan təbəqələrinə üstünlük verilirdi. Ümumiyyətlə, bolşevik Rusiyasının ucqarlarla (milli respublikalarla) bağlı siyasəti birinci Konstitusiyanın qəbulundan sonra yeni bir əsasda İttifaq dövlətinin formalaşdırılması istiqamətində addımları ilə müşayiət olunurdu. ZSFSR-in yaradılması yolu ilə Cənubi Qafqaz respublikalarını daha möhkəm vasitələrlə özünə bağlamasını təmin edərək, ayrılmaq imkanlarını mümkünsüz etdi. Maksimum mərkəzləşdirmə siyasəti öz bəhrəsini verdi və 1922-ci ilin dekabrında SSRİ-nin yaradılması ilə kommunist diktaturasının hakimiyyəti daha da möhkəmləndi.

Azərbaycanı birbaşa ittifaq dövlətinin üzvü kimi təsbit edən 1936-cı il SSRİ Konstitusiyası və 1937-ci il Azərbaycan SSR Konstitusiyası əsasında qanunverici orqan olaraq Ali Sovet formalaşdı. İldə iki dəfə SSRİ qanunları əsasında hazırlanmış layihələrə səs verməklə və kommunist partiyasının şəriksiz hakimiyyətinin qəbul etdiyi qərarlara qanunverici sənəd statusunu təsdiq etməklə öz vəzifələrini yerinə yetirmiş sayılan deputatlar bunun üçün əməkhaqqı almır, bir növ ictimai əsaslarla parlamentdə işləyirdilər. Sözün əsl mənasında parlamentarizmdən, təşəbbüskarlıqdan, müzakirə, dinləmə mədəniyyətinin formalaşmasından, prinsipial və ortaq mövqe axtarışından söhbət gedə bilməzdi. Azlığın mövqeyinin çoxluq tərəfindən demokratik nəzərə alınması deyil, çoxluğun üstün mövqeyinin diktaturası hakim olan bir təmsilçilik mövcud idi…

**

Bu “siyasət”, bu “xətt” müəyyən istisnlarla ta ki, SSRİ süqut edən dövrdək davam etdirildi. Ancaq sovetlərin çöküşü ərəfəsində, dünyada, post-sosialist və post-sovet məkanında milli-azadlıq hərəkatları geniş vüsət aldığı -1988-91-ci illərdə istər-istəməz bu “xəttdə” də çatlar baş verdi. Xalqlar artıq öz seçdikləri nümayəndələri parlamentdə görmək istəyirdi. Düzdür, bu istəklər can verməkdə olan İmpreriya-Mərkəz tərəfindən süngü ilə qarşılansa da, proses artıq başlamış və qarşısıalınmaz xarakter daşımışdı. Böyük çətinliklər (həm də fövqəladə rejim dövründə) hesabına da, Azərbaycan xalqı 1990-ci ilin payızında Azərbaycan SSR Ali Sovetinə sonuncu çağırışı zamanı öz görmək istədiyi bir neçə nümayəndəsinin parlamentə düşməsinə nai ola bildi.

ali-sovet

Bunlar arasında müstəqil Azərbaycan dövlətinin qurucularlından olan böyük siyasət və dövlət adamı mərhum Heydər Əliyev də vardı. O vaxtı yerli və mərkəzi hakimiyyətin etirazlarına, müqavimətinə rəğmən, Azərbaycan xalqı, qədirbilən naxçıvanlılar Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MSSR) Babək rayonundan Azərbaycan SSR Ali Sovetinə deputat secdilər. 1990-ci ildə formalaşdırılan Ali Sovet Azərbaycanın keçmiş SSR tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral-mart aylarında fəaliyyətə başlamasından bir az sonra, 1991-ci ilin avqustunda Sovetlər Birliyi birdəfəlik çökdü və həmin vaxt parlamentdəki müxalifət və müstəqil (içlərində də milli təfəkkürlü keçmiş kommunistlər də vardı) deputatların təkidi ilə 300-dən artıq üzvü olan Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.

1995-ci ilin noyabr ayında isə Azərbaycanın ilk Milli Məclisinə (artıq Ali Sovet-Milli Şura rəsmən Milli Məclis ifadəsi ilə rəsmiləşdirildi) birinci çağırış seçkilər keçirildi. Artıq həmin vaxtdan nə az-nə çox, düz 23 il keçir. Həmin müddətdə də arıq 5 dəfə parlament seçkilər keçirilib və hazırda 5-ci çağırış parlament öz fəaliyyət dövrünün 3-cü ilini başa vurmaq ərəfəsindədir. Bu illər- yəni, müstəqillik illər ərzində də Ali Sovetli, Milli Şuralı və Milli Məclisli üst-üstə parlament tərəfindən 5992-yə yaxın qanunvericilik aktı qəbul olunub. Milli Məclis həmçinin ötən illər ərzində dünyanın əksər ölkələri, nüfuzlu beynəlxalq və regional təşkilatları ilə əməkdaşlığa nail ola bilib. Milli Məclisdə 80-dən artıq ölkə ilə parlamentlərarası dostluq qurumları mövcuddur. Milli Məclisin nümayəndə heyətləri Avropa Şurası, NATO, ATƏT, İƏT, QDİƏT, GUAM, Baltikyanı və sair parlament asasambleyalarında təmsil olunur…

Az-can-Parlamebti-3

Yuxarıda da qeyd edildiyi kimi isə bu gün, cəmi saatlar sonra Azərbaycan Parlamentinin 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bu təşəbbüs də məhz ölkə prezidentindən gəlir, onun 2018-ci ilin “Cümhuriyyət İli” elan olunması haqqında tarixi Sərəncamından qaynaqlanır…

Odur ki, 100 yaşlı Azərbaycan Parlamentini, keçmişli və indikili parlamentariləri, Azərbaycan parlamentarizminin əsasını qoymuş böyük kişiləri, bütövlükdə Azərbaycan xaqlqını, Azərbaycan türklərini bu əlamətdar-tarixi gün münasibəti ilə təbrik edir, müstəqil Azərbaycan bayrağı göylərin ənginliklərində dalğalandıqca, Azərbaycan parlamentinin də var olmasını, müstəqil Azərbaycanın inkişafı, demokratikləşməsi yolunda mühüm töhfələr verməsini diləyirik.

meclis-5

meclis-oqtay-1

meclis-4

Yaşasın, müstəqil Azərbaycan, yaşasın, 100 yaşlı Azərbaycan Parlamenti!

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Avroliqanın birinci turuna yekun vuruldu – NƏTİCƏLƏR – FOTOLAR

Read Next

Məmmədyarov ABŞ-a getdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir