100 yaşlı Fatma Səttarova-“İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF OLUNDU – YENİLƏNİB

Ölkə Prezidenti İlham Əliyev Fatma Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin.

***

Ölkə başçısının təbrik məktubunda isə deyilir:

“Hörmətli Fatma xanım,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

Hörmətli Fatma xanım,

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.

Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

Hava dəyişkən buludlu və zəif dumanlı olacaq-SABAH

Read Next

“Rəsmi Azərbaycan dövlətimizdən üzr istənilməsi tələbi ilə Fransaya müraciət etməlidir”-LİBERAL PARTİYASI BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir