“11-lər”in “12-lər”i: KİMLƏRİN YENƏ ŞANSI GƏTİRƏCƏK, KİMLƏR KƏNARDA QALACAQ?

Fəaliyyəti artıq dayandırılmış 5-ci çağırış parlamentdə Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, digər 11 siyasi partiyanın da nümayəndəsi təmsil olunur(du).

Onlardan əksəriyyətinin yenidən seçkilərə qatılacağı gözləniləndir.

Hətta, həmin partiyalardan bir neçəsi tərəfindən seçkilərdə iştirakla bağlı ilkin açıqlamalar ortadadır.

Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları seçkilərə qatılacaqlarını bildiriblər.

Yaxın günlərdə digər partiyalardan da bu yöndə açıqlamaların olacağı istisna deyil.

Qeyd edək ki, 11 partiya parlamentdə 12 nəfərlə təmsil olunur.

Partiyalardan 10-u sədrlər, 1-i, sabiq deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) isə bir nəfər  rəhbərlikdə olan şəxs, bir nəfər sıravi üzv səviyyəsində parlamentdə təmsilçilik hüququndadır.

Bəs görəsən, həmin 12 nəfər neçənci dəfədir parlamentdə təmsil olunur?

VHP-ni təmsil edən millət vəkillərindən biri-tanınmış ziyalı, professor Fəzail İbrahimli 4 çağırışdır ki, MM-in üzvüdür.

O, 2000-ci ildən, 2-ci çağırış dövründən VHP-ni parlamentdə təmsil edir.

Onun namizədliyinin yenidən irəli sürüləcəyi gözlənilir.

VHP-ni parlamentdə təmsil ikinci deputat isə yenə tanınmış ziyalı, nüfuzlu millət vəkillərindən olan akademik Rafael Hüseynovdur.

O da F. İbrahimli kimi, 4 çağırışdır ki, MM-də təmsil olunur.

2-cı çağırışdan bu yana 4 dəfə MM-in üzvü olan R. Hüseynovun da yenidən namizəd olacağı gözlənilir.

Ana Vətən Partiyasını (AVP) parlamentdə təmsil edən tanınmış siyasətçi Fəzail Ağamalı və Azərbaycan Sosial Rifah Partiyasını (ASRP) təmsil edən professor Xanhüseyn Kazımlı isə digər partiyaların millət vəkilləri ilə müqayisədə ən çox seçilən və ən çox staja malik olan deputatlardır.

Həm F. Ağamalı, həm də X. Kazımlı ilk çağırışdan parlamentdə təmsil olunur.

Ancaq F. Ağamalı 1995-ci ildən, X. Kazımlı isə 1999-cu ildən (o mərhum Səfiyar Musayevin boş qalan yerinə seçilmişdi) parlamentdə təmsil olunur.

Eyni zamanda, F. Ağamalı başda olmaqla “Ana Vətən”çilərin bu seçkilərdə daha çox namizədlə iştirak edəcəyi gözlənilsə də, bunu X. Kazımlı və ASRP haqqında demək mümkün deyil.

ASRP seçkilərə qatılsa belə, X. Kazımlının bu dəfə kənarda qalacağı gözlənilir…

Vaxtı ilə eks-prezident Ayaz Mütəllibovun liderlik etdiyi Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Sabir Hacıyev 3 çağırışdır MM-in üzvüdür.

Amma bu dəfə S. Hacıyevin kənarda qala biləcəyi söylənilir, hətta, VBP seçkilərə qatılsa belə…

Azərbaycan Demokratik İstiqlal Partiyasının (ADİP) sədri Asim Mollazadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev ikinciliyi bölüşürlər.

Hər ikisi də 4 çağırışdır MM-in üzvləridir.

İlk dəfə AXCP üzvü kimi millət vəkili seçilən A. Mollazadə 2000-ci ildən, Q. Həsənquliyev isə ikinci çağırış axırlarından (o, İsmayıllıya icra başçısı təyin edilən YAP-çı deputatın boş qalan yerinə millət vəkili seçilmişdi)  MM-də təmsil olunur.

Hər iki şəxsin və liderlik etdiyi partiyaların yenidən seçkilərdə iştirak edəcəyi və daha çox namizəd irəli sürəcəkləri gözlənilir.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa və İstiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasıının (MDHP) sədri Fərəc Quliyev 3 dəfə millət vəkili seçiliblər.

F. Mustafa 3-cü çağırışdan MM-də təmsil olunur, F. Quliyev isə bir dəfə keçmiş Ali Sovetin, son iki çağırışda MM-in üzvü olub.

Onların da seçkilərdə iştirakı gözlənilir.

Digər İstiqlalçı deputat, Vəhdət Partiyasının (VP)  sədri Tahir Kərimli və Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) lideri Araz Əlizadə ikinci dəfədir deputatdırlar.

Onlar bir dəfə Ali Sovetin üzvü olub, sonuncu çağırışda isə MM-in üzvü seçiliblər.

Hər iki partiyanın yenidən seçkilərdə iştirakı gözlənilsə də. A. Əlizadənin bu dəfə kənarda qalacağı qeyd olunur.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev isə ilk dəfədir MM-də təmsil olunur.

Onun da yenidən seçkilərə qatılacağı gözlənilir.

Kimlərin bəxtinin və şansının gətirəcəyini isə yenə də çox yaxın zaman göstərəcək…

Etikxeber.az

 

Read Previous

“Qar yağanda bəzi yollar keçilməz olur” – İlham Əliyev – ŞAMAXIDA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Aybəniz Haşımova tələbələri ilə “Biri sənsən, biri mən” – DEYƏCƏK – BU AXŞAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir