22 minə yaxın abituriyent qəbul imtahanı verdi-YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.

DİM-dən Etikxeber.az-a verilən xəbərə görə, imtahanda 21753 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyunun 4-5-də keçiriləcək qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. Həmin günlərdə imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 160 imtahan binası, 2865 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 476 imtahan rəhbəri, 3564 nəzarətçi–müəllim, 435 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

07:38

***

Bu gün DİM tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən verilən xəbərə görə, imtahan 11 şəhər və rayonda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1603 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 265 imtahan rəhbəri, 2007 nəzarətçi–müəllim, 247 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

İmtahanda 21753 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

5 iyun saat 16:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Etikxeber.az

Read Previous

Ailəinin iki övladından biri, iki övlad atası, 3 medallı-ŞƏHİD VASİF HƏMİDOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: 35 YAŞININ TAMAMINDA OCAĞI VƏ MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“RİA Novosti”də Azərbaycana qarşı separatçı meyilləri təşviq edən məlumatların yayılması sistemli xarakter daşıyıb”-NAZİRLİK AÇIQLAMA YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir