13 ilin peşəkar hərbçisi, 3 medallı Vüsal Nağıyev və “Qarabağ” ordenli Asəf Əsgərovun-CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN HƏR İKİ ŞƏHİDİN 32 YAŞI TAMAM OLUR…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindan daha ikisinin doğum günüdür.

Goranboyun Buzluq (Baş Qışlaq) kəndinin Şəhidi Vüsal Əmirastan oğlu Nağıyev və Bərdənin Boyəhmədli kədinin Şəhidi Asəf İlqar oğlu Əsgərovun Cənnətdəki ikinci ad günü, mövlududur.

Bu gün hər iki Şəhidin-həm Vüsal Nağıyevin, həm də Asəf Əsgərovun 32 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, ailənin 4 övladından biri Vüsal Nağıyev 1990-cı ilin mart ayının 5-də Goranboyun Baş Qışlaq (Buzluq) kədində anadan olub.

Onun doğum tarixi 10 yanvar 1990-cı il kimi göstərilsə də, əslində 1990-cı ilin mart ayının 5-də dünyaya gəlib.

13 ilin peşəkar hərbçisi olan Vüsal Nağıyev İkinci Vətən Müharibəsinin ilk günündən, 27 sentyabr tarixindən müharibənin başa çatmasına cəmi 11 gün qalmışa, oktyabrın 30-na kimi, yəni, 33 gün ərzində döyüşlərdə olub, Kəlbəcər-Murov, Suqovuşan-Ağdərə istiqamətlərində vuruşub.

Və oktyabrın 30-da qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Kəndləri-Buzluq cəbhə xəttinə yaxın olduğu üçün nəşi bir gün sonra, oktyabrın 31-də Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Vətənə iki oğul övladı əmanət qalıb.

Ölümündən sonra 3 medalla təltif olunub.

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında ailəsi-anası Cəmilə Nağıyeva, bacısı Cəmalə və digər yaxınları, Goranboylu, Qızılhacılılı Şəhid ailələri tərəfindən məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, adına Şəhidlər Xiyabanında çay-şirniyyat (ehsan) süfrəsi açılacaq.

***

“Qarabağ” ordenli Asəf Əsgərovun doğum günü 19 fevral 1990-ci il kimi qeyd olunsa da, onun da doğum tarixi əslində 1990-ci ilinn mart ayının 5-dir.

O, Bərdənin Boyəhmədli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

 Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb. 

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə (Mustafaağalı) dəfn edilib.

Asəfgil ailədə 3 övlad, 3 qardaş olublar, özünün isə iki övladı-Emili və Kənanı Vətənə əmanət qalıb.

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə əklil qoyulacaq, gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq.

Ziyarətdə Şəhidin valideynləri, həyat yoldaşı, övladları, yaxınları, Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri və və digərləri iştirak edəcəklər.

Ziyarətdən sonra Boyəhmədlidə, Şəhidin valideynlərinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Allah hər iki Şəhidimizin məkanını cənnətlik, ruhunu şad, Cənnətdəki ikinci ad günlərini mübarək etsin!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Facebook” bloklandı-RUSİYADA

Read Next

“ABC” və “CBS” telekanalları Rusiyadan yayımını-DAYANDIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir