Bu gün-26 may 2023-cü il tarixində ilk dəfə Göyçaylı Şəhid ailələrini ziyarət etdim…
İlk dəfə idi ki, Göyçayda olur və Şəhid ailələrinə baş çəkirdim…
Bu günə kimi bir çox bölgələrdə Göyçaylı Şəhid ailələri ilə bir araya gəlsəm də, heç birinin evində, ocağında olmamışdım…
Ona görə özümə borc bildim ki, onlara da-Göyçaylı Şəhid ailələrinə də baş çəkim, onları da ziyarət edim…
Və təkbaşına, minbir çətinliklərlə, daxmada böyütdüyü tək övladını Şəhid vermiş, Dərddən, Acıdan beli bükülmüş, saçları ağarmış Zenfira xanımla görüşdüm…
Göyçaylı İkinci Vətən Müharibəsi Şəhidi, Nur üzlü Şəhidimiz Vasif Məmmədovun tək-tənha yaşayan anası Zenfira xanımla bir araya gəldim…
Söhbətləşdim, dərdləşdim…
Bu yerdə qeyd edim ki, Şəhid anası, Şəhid ailələrini ziyarətdə mənimlə birgə atası Birinci Qarabağ Savaşının Şəhid olmuş əslən Kəlbəcərli Vilayət Rüstəmovun oğlu, hər zaman Şəhid ailələrinin yanında olan Eldəniz Rüstəmov da iştirak edirdi… Və buna görə Eldəniz Rüstəmova bir daha minnətdarlığımı ifadə edirəm…
Ziyarət zamanı Şəhidimizin anasına Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik olsun! Nur içində yatsın!”-dedim…
Zenfira xanım övladının sentyabr ayının 28-də səfərbərliyə cəlb olunduğunu və döyüşlərdə iştirak etdiyini bildirdi…
Övladının Füzuli, Xocavənd, Qubadlı və Şuşa istiqamətlərində qanlı döyüşlərdə iştirak etdiyini və noyabrın 3-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucaldığını bildirdi:
“Müharibəyə gedəndən demək olar ki, hər gün danışırdıq…Oktyabrın son günlərinəcən danışmışdıq…Amma sonra, noyabr ayında-Şəhid olduğu günəcən oğlumla danışa bilmədim…Vasifim noyabrın 3-də Şəhid oldu…Hamı Vasifin Şəhid olduğunu bilsə də, mən son anda-cənazəsi, nəşi qapımıza gətiriləndə bildim…Millət yığılmışdı qapımıza (göz yaşlarını saxlaya bilmir)…Ana-bala ikimiz idik…Çox çətin şəraitdə yaşayırdıq… Fəhləliklə, əllərinin qabarı ilə məni də, özünü də dolandırırdı…Amma iki il 6 aydır ki, artıq balam yoxdur…Tək-tənha qalmışam…Çox ağır, dözülməz dərddir…Heç kimin başına gəlməsin…”
Xatırladım ki, Vasif Əlibala Məmmədov 1994-cü ilin 12 noyabr tarixində Göyçay rayonunda çox kasıb bir ailədə dünyaya gəlib…
Uşaq vaxtlarından anası tərəfindən təkbaşına böyüdülüb…
Göyçay şəhər 6 saylı tam orta məktəbdə-9-cu sinfə qədər oxuyub…
Sonra Peşə Liseyində təhsilini davam etdirib…
Ancaq Liseyi başa vurmamış həqiqi hərbi xidmətə çağırılıb, Əsgərliyə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra isə yenidən evinə, anasının yanına dönüb, rayonda fəhlə işləyib…
Və İkinci Vətən Müharibəsi zamanı sentyabrın 28-dən noyabrın 3-cən uzun və şəfərli döyüş yolu keçib…
Noyabrın 3-də Şuşa uğrunda döyüşlərdə Şəhidlik məqamnına ucalıb və nəşi bir gün sonra, noyabrın 4-də Göyçay rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 6 medalla-“Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Maddi çətinlik üzündən 26 yaşında Şəhid olan Vasif Məmmədov ailə həyatı qura bilməyib…
Onu da qeyd edim ki, Şəhidimizin anası olduqca şəraitsiz bir evdə, daxmada yaşayır…
Və onun yeni evlə-mənzillə təmin olunması lazımdır…
Bu, həm də Şəhidimizin Haqqıdır!
Məqamı Uca, dərgahı mübarək olsun!
Xatirəsi daim qəlbimizdə, qəlblərdə yaşayacaq!
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az