“14 il ərzində bir dəfə olsun səhər yeməyi yeməmişdi…Ancaq həmin gün, oktyabrın 4-də səhər tezdən-işə getməzdən əvvəl iştahla nahar etdi və sonra işə yollandı…”-AĞCABƏDİLİ, TAYNAQLI, AİLƏNİN TƏK OĞLU, CƏMİ 14 YAŞLI ŞƏHİD FƏRİD İSGƏNDƏROVUN ANASI RƏHİLƏ İSGƏNDƏROVA – ŞƏHİDİN AİLƏSİNƏ 11 MİN MANATLIQ SIĞORTA PULU VERİLƏCƏKMİ? – FOTOLAR

Cəmi 14 yaşlı Nur üzlü Şəhidimiz…

Ağcabədili, Taynaqlı Fərid balamız…

Erməni vəhişiliyinin, erməni terrorunun, erməni qaniçənliyinin qurbanı olan Fərid Dilafət oğlu İsgəndərov…

Dayısı da Birinci Qarabağ Savaşı Şəhidi olan Fərid Dilafətoğlu oğlu…

Fərid Dilafət oğlu İsgəndərov 2006-cı ilin 11 avqust tarixində Ağcabədi rayonunun Taynaq kəndində sadə, kasıb bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından biri, üç bacının tək qardaşı, evin tək oğlu olub…

Kiçik bacısından 12 il sonra dünyaya gəlib…

2012-ci ildə Taynaq kənd tam orta məktəbinə gedib…

Ailəsinin maddi durumu çox ağır, atasının səhhətində problemlər olduğuna görə valideynlərinə kömək etməyə, maddi dəstək olmağa çalışıb…

Taynaq kəndindəki kafedə işləyib…

Və cəmi 14 yaşında-İkinci Vətən Müharibəsinin 8-ci günündə, oktyabrın 4-də erməni faşistlərinin növbəti qanlı cinayəti, Ağcabədinin, Taynaq kəndinin raket zərbələrinə məruz qalması nəticəsində işlədiyi kafedə Şəhid olub…

Cəmi 14 yaşında gözlərini bu fani dünyaya əbədilik yumub, Əbədiyyətə qovuşub…

Nəşi elə həm gün axşam saatlarında Taynaq kənd qəbiristanlığında dəfn olunub…

Onu da qeyd edim ki, Şəhidin dayısı Rabil Salman oğlu Əliyev də Şəhiddir…

1974-cü il təvəllüdlü Rabil Əliyev cəmi 19 yaşında, 1993-cü ilin noyabrında Ağdərə istiqamətində Şəhidlik məqamına ucalıb…

O da Taynaq kənd qəbiristanlığında torpağa tapşırılıb…

Rabil həm də subay olub…

***

7 aprel 2024-cü il tarixində, günorta saatlarında Ağcabədi rayonunun Qaraxanlı kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva ilə Şəhidimizin ocağını, valideynlərini ziyarət etdik…

Şəhidimizin ailəsinə, anası Rəhilə İsgəndərovaya Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Həm oğul, həm də qardaş acısı yaşayan Dərdli, Yaralı, həm də Dik duruşlu Rəhilə xanımla söhbətləşdik, dərdləşdik…

Rəhilə xanımın dediklərindən:

“Fərid kənddə yerləşən kafedə işləyirdi…14 il ərzində bir dəfə olsun səhər yeməyi yeməmişdi…Ancaq həmin gün, oktyabrın 4-də səhər tezdən-işə getməzdən əvvəl iştahla nahar etdi və sonra işə getdi…Günorta 3 radələri olardı…Sanki birdən Yer-Göy lərzəyə gəldi…Həyətimizi sanki qara buludlar aldı…Kəndimiz üç dəfə raketlə vuruldu…Birinci dəfə kəndimiz vurulduqdan sonra Fərid mənə zəng etdi və “ana, naraha olma, qorxma”-dedi…Sonra ondan xəbər gəlmədi…

Mən də tez narahat olub, qaynımgilə getdim, ondan Fəridin yanına getməsini xahiş etdim…O da maşına minib tez Fərid işləyən kafeyə tərəf getdi…Mən də piyada onun dalınca…Sonra nə olub, başıma nə gəlib bilmirəm…Bir də gözümü açdım, onu bildim ki, balam kafedə Şəhid olub (göz yaşlarını saxlaya bilmir)…Cəmi 14 il yaşadı balam…Kiçik qızımızdan 12 il sonra dünyaya gəmişdi…Bu həyatda bir gün görmədi balam,..”

Rəhilə xanım danışdıqca həyəcanlamamaq, qəhərlənməmək mümkün deyildi…

Necə də həyəcanlanmayasan, necə də qəhərlənməyəsən, axı?!

Sözün bitdiyi yeri idi yenə…

Eyni zamanda qeyd edim ki, Şəhidliyindən sonra Fərid heç bir medal və ordenlə təltif olunmayıb…

Həmçinin, 11 min manatlıq sığorta, o cümlədən dəfn pulu da verilməyib ailəsinə..

Ailəsi də ötən müddətdə bu məsələlərin üstünə düşməyib…

Utanıblar, çəkiniblər…

Amma yaxşı və ədalətli olardı ki, aidiyyatı, müvafiq qurumlar Şəhidimizin ailəsinə 11 min manatlıq sığorta pulunun verilməsi məsələsinə baxıb, onu tezliklə müsbət həll edəydilər…

Bununla yanaşı, ən azı bir medalla təltif olunması məsələsini reallaşdıraydılar…

Bu, cəmi 14 yaşlı övladlarını Vətən yolunda Şəhid vermiş İsgəndərovlar ailəsinə az da olsa, mənəvi təsəlli, dəstək olardı.

İnanırıq və inanmaq istəyirik ki, belə də olacaq, hər iki məsələ tezliklə öz müsbət həllini tapacaq.

Allah bir daha ruhunu şad etsin 14 yaşlı Nur üzlü Şəhidimizin!

Allah bir daha səbr və dözümlərini versin İsgəndərovlar ailəsinin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az 

Read Previous

Azərbaycan Ordusunun Əsgəri kimi mina patlayışı nəticəsində hər iki gözünü və hər iki ayağını itirən, hər mənada köməyə, dəstəyə ehtiyacı olan-AĞCABƏDİLİ HÜSEYN SADIQOVA NECƏ MÜLKİ ƏLİLLİK VERİLİB? ONUN HAQQI GEC DƏ OLSA, BƏRPA OLUNACAQMI? – FOTOLAR

Read Next

Doğum günün mübarək olsun, bir çox Haqqı tanınmayan Vətən sevdalısı-Əfsanəvi Xüsusi Təyinatlı-SADİQ MƏHƏRRƏMOV! – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir